İlyas İsmayılov Rusiyaya etiraz edir

  • By admin
  • 25 Aprel 2021 10:12
Ədalət Partiyası Rusiyaya etiraz bəyanatı ünvanlayıb.

Gununsesi.info həmin bəyanatı təqdim edir:

“10 noyabr 2020-ci il tarixdə Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və zəmanəti ilə Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında atəşkəs haqqında Üçtərəfli Bəyanatın imzalanmasından 5 aydan çox vaxt keçməsinə baxmayaraq, hərbi əməliyyatların dayandırılması və münaqişə tərəflərinin münasibətlərini qalıcı sülhə çevirmək məqsədiylə imzalandığı elan olunan bu razılaşmanın əksər müddəaları, təəssüf ki, hələ də yerinə yetirilməmiş qalır.

Ötən 5 ay ərzində baş verən hadisələrin təhlili göstərir ki, Üçtərəfli Bəyanatın müddəlarının tam yerinə yetirilməsində və bölgədə həqiqi sülhün bərqərar olmasında yalnız Azərbaycan maraqlıdır və bu niyyətlə də üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir, Ermənistan tərəfi isə süni gecikdirmələr və bəhanələrlə məqsədli şəkildə öhdəliklərindən yayınır.

Çox təəssüf ki, üzərinə Üçtərəfli Bəyanatın icra məsuliyyətini götürmüş və bu səbəbdən də hərbçilərinin sülhməramlı missiya ilə Dağlıq Qarabağda – Azərbaycan ərazisində yerləşməsinə razılıq verilmiş Rusiya dövləti də Ermənistanı öhdəliklərini yerinə yetirməyə vadar etmək əvəzinə, parlament seçkilərinə hazırlaşan Ermənistanda itirdiyi əvvəlki hərbi-siyasi nüfuz və mövqelərini yenidən geri qaytarmağa və bunu da daha çox Azərbaycanın maraqlarının tapdanması, suverenliyinə nümayişkaranə hörmətsizlik hesabına etməyə çalışır.

Ədalət Partiyası bu qənaətdədir ki, Qarabağda sülhməramlı adıyla yerləşmiş Rusiya hərbçilərinin erməni terrorçu-separatçılarının sərbəst fəaliyyətinə göz yummaları, özünü bu terrorçu-separatçıların lideri elan etmiş Arayik Arutyunyanla ilıq münasibətlər qurmaları və hətta onun Moskvaya gizli səfərini təşkil etmələri, həmçinin Azərbaycanın icazəsi olmadan rus hərbçilərinin Qarabağda hərbi parada hazırlaşmaları “sülhməramlı missiya” anlayışına və niyyətinə tamamilə zidd olmaqla yanaşı, açıq şəkildə Azərbaycan dövlətinə hörmətsizliyin ifadəsidir və Rusiya tərəfi bütün bunlara aydınlıq gətirməli, rəsmi Bakıdan üzr istəməli, münasibətlərin gərginləşdirilməsinə yol açan belə davranışlara dərhal son qoymalıdır.

Əks halda, Azərbaycan ictimaiyyətində Rusiyanın Qarabağa sülhməramlı missiya ilə deyil, öz hərbi-siyasi maraqlarını yerinə yetirmək qəsdiylə yerləşdiyi təəssüratı daha da genişlənəcək və tarixi təcrübədən çıxış edərək, Rusiyanın işğalçı simasında imperialist dövlət kimi bölgəyə qayıtdığını deyənlərin arqumentlərini xeyli gücləndirəcək, son nəticədə isə ölkədə yeni antirus hərəkatının körüklənməsinə rəvac verəcək.

Rusiyanın özünün uzun müddət etnik separatizmdən əziyyət çəkən çoxmillətli dövlət olduğunu xatırladan Ədalət Partiyası hesab edir ki, Qarabağda separatçıları dəstəkləməsi rəsmi Moskvanın Cənubi Qafqazda Ermənistanı qazanmaq istədiyi bir vaxtda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin qovşağında yerləşən türk-müsəlman mənşəli qonşusu Azərbaycanı da birdəfəlik itirməsiylə nəticələnər və bu separatizm dalğası, gec-tez, Rusiyanın özünü içdən gəmirib yıxan qarşısıalınmaz bir prosesə çevrilə bilər.

Ədalət Partiyası Rusiya rəhbərliyini bir daha bölgədə baş verənlər barədə soyuq düşünməyə və Qarabağda həqiqi sülhməramlı missiyasını yerinə yetirməyə çağırmaqla yanaşı, bütövlükdə Qafqazın sülh və sabitlik mərkəzinə çevrilməsi üçün Azərbaycan Prezidentinin təklif etdiyi “Altılıq” formatında əməkdaşlığın inkişaf etdirilməsinin indilikdə region dövlətlərinin hər birinin maraqlarına daha çox cavab verdiyini və bu formatda bərabərhüququlu münasibətlərin qurulmasından da yalnız region xalqlarının qazanacağını  bəyan edir.

Gununsesi.info