İmzalanmış bu sənədlər ölkələrimizi daha da sıx birləşdirəcək

  • By admin
  • 21 Aprel 2022 10:35

“Qırğızıstan bizə dost və qardaş ölkədir. Ölkələrimiz arası diplomatik əlaqələr 30 illik tarixə malikdir. Amma xalqlarımızın eyni dinə, dilə və oxşar mədniyyətlərə malikliyinə görə daha qədim köklər bizi birləşdirir. Qırğızıstan Respublikasının prezidentinin rəhbərliyi altında nümayəndə heyəti ölkəmizdə oldu və müxtəlif aspektlərdə əməkdaşlıq üçün müzakirələr aparıldı”. 

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, prezidentlərimiz arasında strateji tərəfdaşlıq haqqında bəyannamə və dövlətlərarası şurasının yaradılması haqqında memorandum imzalanıb: “İmzalanmış bu sənədlər ölkələrimizi daha da sıx birləşdirəcək. İki ölkə bir çox beynəlxalq təşkilatlarda təmsil olunurlar və hər zaman bir-birinin mövqeyini müdafiə edirlər. O cümlədən ölkələrimiz arasında iqtisadi əlaqələr də mövcuddur. Ticarət dövriyyəsi çox olmasa da kifayət qədər istifadə olunmalı potensial mövcuddur. Azərbaycanın reallaşdırdığı beynəlxalq nəqliyyat dəhlizləri qırğız qardaşları üçün yeni imkanlar açır. Qırğızıstan ölkəmizin üzrərindən Şimala, Cənuba və Qərbə yüklərin daşınması imkanını əldə edib”.

A.Badamov vurğulayıb ki, Azərbaycanın şirkətlərinə enerji sektorunda investisiya qoyulması Qırğızıstan üçün maraqlıdır: “Çünki Azərbaycan şirkətləri bu istiqamətdə böyük təcrübəyə malikdir. Eyni zamanda kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş potensial mövcuddur. Humanitar sahə üzrə əməkdaşlığımızın genşləndirilməsi üçün yaxşı perespektivlər var. Ümumiyyətlə, Prezidentlər səviyyəsində səfərlərin edilməsi və yeni sənədlərin imzalanması ölkələrimiz arası dostluq və qardaşlığı möhkəmləndirməklə əməkdaşlığımızı daha da dərinləşdirəcəkdir. İndiki qeyri-sabit dünyada dostlarımızın sayının çox olması beynəlxalq mövqelərimizi də möhkəmləndirir”.

Gununsesi.info