
İngiltərədə Oksford mərkəzi məscidi (COMS) hücuma məruz qalıb. Naməlum şəxs üzərində İsrail Müdafiə Qüvvələrinin ingiliscə abreviaturası olan “IDF” hərfləri yazılmış iki banka benzini məscidə tərəf atıb.
Gununsesi.info-nun məlumatına görə, COMS-un açıqlamasında deyilir ki, dünən Böyük Britaniya vaxtı ilə saat 10.30-da velosipedlə məscidin darvazasına gedən bir şəxs “IDF” yazılmış iki benzin qutusunu qapıdan məscidə doğru atıb.
Açıqlamada ötən həftə müsəlman icmasının üzvünə balta ilə hücum edildiyi xatırladılıb: “Təəssüflə bildiririk ki, keçən həftə baş və qol nahiyəsindən balta ilə vurulan icma üzvümüzlə bağlı iyrənc islamofob hadisədən sonra bu gün naməlum şəxs məscidə hücum edib”.
COMS məscidə ibadətə gedənləri, xüsusən qadınları səhər və axşam namazına gedərkən diqqətli olmaları barədə xəbərdarlıq edib, həmçinin hücumlar zamanı mübahisə etmədən polisə məlumat verməyi və mümkünsə, hadisə anını lentə almağı tövsiyə edib.
Açıqlamada məscidə hücumun Fələstinə dəstək olması və məscidin kənarında Fələstin bayrağının asıldığı fikri paylaşılıb: “Bu, bizi qorxutmaq cəhdidir. Biz demokratik hüquqlarımızdan istifadə edərək, qanunsuz və ayrı-seçkilik olmadan öldürülən günahsız fələstinlilərlə həmrəyliyimizi nümayiş etdirməyə davam edəcəyik”.
Siyasətçiləri İsrailin fələstinlilərə qarşı hücumlarını və Qəzzaya su, qida və humanitar yardımların qarşısını kəsməsini pisləməyə çağıran COMS bildirir: “Biz bütün məscidləri təhlükəsizlik tədbirləri görməyə və camaatlarını xəbərdar etməyə çağırırıq. Biz üzvlərimizin təhlükəsizliyini təmin etmək üçün əlavə təhlükəsizlik tədbirləri də görürük. Dinimiz insan həyatının qiymətsiz olduğunu öyrədir. Qəzzada və İsraildə həlak olan bütün mülki şəxslər üçün dua edirik”.
Gununsesi.info