![](https://www.gununsesi.info/wp-content/uploads/2024/07/FB_IMG_1720246384555.jpg)
“Gözləntilərimizin, proqnozlarımızın əksinə olaraq, Məsud Pezeşkian İranın yeni prezidenti seçildi.
Bu, o deməkdir ki, İran çox ciddi dəyişikliklər astanasındadır: sərt dini rejim həm daxili, həm də xarici siyasətində geniş açılıma getməyi nəzərdə tutur”.
Bunu Gununsesi.info-ya açıqlamasında siyasi şərhçi Elxan Şükürlü İrandakı prezident seçkilərinin nəticələrini şərh edərkən deyib.
Onun sözlərinə görə,İranın dini rəhbəri Seyid Əli Xamenei çıxışlarında tez-tez cəmiyyətin istək və tələblərinin mütləq nəzərə alınmalı olduğunu vurğulayıb:
“Çox böyük gənc əhali potensialına, resursuna sahib İran cəmiyyəti isə nə istədiyini, nə arzuladığını Səid Cəlilinin yox, Məsud Pezeşkianın çağırışlarına dəstəkdə ifadə etdi.
İndi görək, İran bu dəyişiklik dönəmini ağrısız, təlatümsüz keçirməyi bacaracaqmı? Ən önəmlisi, Qərblə başlanacaq dialoq İranın hərbi nüvə doktrinasının dayandırılmasına və sanksiyaların götürülməsinə gətirib çıxaracaqmı?
İran kimi çoxmillətli dövlətdə etnik amilə istinad edərək, prezident seçilmək möcüzə sayılmaqla yanaşı, azərbaycanlılar və kürdlərlə bağlı siyasətdə də əhəmiyyətli dəyişikliklərin həyata keçiriləcəyinin siqnalıdır.
Seçimləri qonşu, dost və qardaş İran xalqına xeyirli, düşərli olsun”.
Afət Abbasova
Gununsesi.info