İstənilən telekanal Azərkosmosa müraciət edərək Azərbaycan peyklərində yayım xidməti ala bilər  - AÇIQLAMA

  • By Günel
  • 31 İyul 2025 12:23

Niyə Azərbaycanın iki peyki mövcud olarkən, regional və internet kanallarımız digər ölkələrin peykləri vasitəsilə yayımlanır?

Yaranan sualla bağlı “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” a sorğu ünvanladıq.

Azərkosmosdan Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirildi ki, müvafiq  lisenziya olmadan heç bir telekanal peyk üzərindən yayıma başlaya bilməz:

“Azərkosmos olaraq bildiririk ki, peyk üzərindən istər internet kanallarının, istərsə də regional televiziya kanallarının yayımlanması prosesi tam olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydalar əsasında tənzimlənir.

Hər bir telekanalın peyk üzərindən yayımlanması üçün aidiyyəti üzrə müvafiq yayım lisenziyanın əldə edilməsi zəruridir. Bu lisenziya olmadan heç bir telekanal peyk üzərindən yayıma başlaya bilməz”.

Eyni zamanda vurğulanıb ki, peyklərimiz üzərindən müvafiq lisenziyası olan bir sıra regional kanallarımız yayımlanır:

“Hazırda “Azerspace-1” və “Azerspace-2” peykləri üzərindən müvafiq lisenziyası olan bir sıra regional kanallarımız yayımlanır.

Milli audiovizual mühitin inkişafı Azərkosmosun da əsas prioritet istiqamətlərindən biridir.

Lisenziyası olan və peyk üzərindən yayımla bağlı texniki tələblərə cavab verən istənilən telekanal Azərkosmosa müraciət edərək Azərbaycan peyklərində yayım xidməti ala bilər və müraciət edən bütün kanallara müvafiq dəstək göstərməyə hazırıq.

Əlavə olaraq bildiririk ki, Azerspace peykləri üzərindən Gürcüstan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Belarus və digər ölkələrin kanalları da yayımlanır”.

 

Günel Həsənova

Gununsesi.info