Kəlbəcərli şəhid leytenant Ömər Şirinov Goranboyda dəfn olundu - FOTOLAR

  • By admin
  • 14 Sentyabr 2022 20:38
Sentyabrın 12-də və 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan leytenant Şirinov Ömər Muğan oğlu bu gün Goranboy rayonu Zeyvə kənd qəbirstanlığında dəfn edilib.
Gununsesi.info xəbər verir ki, mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant Nazim Çələbiyev, Goranboy və Xocalı rayon İcra Hakimiyyətlərinin başçıları da iştirak edib.
Mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev  şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib. O, Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad olunduğunu xatırladıb.
“Torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn igid oğullarımız daim xalqımızın qəlbində yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət etsin! Vətən sağ olsun!” – deyə, icra başçısı bildirb
Xatırladaq ki, şəhid leytenant Kəlbəcər rayonunun Qasımlar (keçmiş Kilsə) kəndindəndir.  1999-cu il təvəllüdlü Ömər Şirinov ailəsi ilə birlikdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmışdı. Yaşasaydı, sentyabrın 20-də 22 yaşı tamam olacaqdı.
Allah rəhmət eləsin!
Gununsesi.info