Kaya Kallas Brüsseli Bakıya daha da yaxınlaşdırdı - Azərbaycan-Aİ tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlər son illərdə qarşılıqlı etimad, strateji tərəfdaşlıq və praktik əməkdaşlıq prinsipləri əsasında dinamik şəkildə inkişaf edir. Bu münasibətlərin yüksələn xətt üzrə davam etməsi, xüsusilə yüksək səviyyəli qarşılıqlı səfərlər və siyasi dialoqun intensivləşməsi ilə müşahidə olunur.

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri də məhz bu kontekstdə tərəflər arasında formalaşmış möhkəm və davamlı əməkdaşlığın növbəti təsdiqi kimi qəbul olunur.

Münasibətlərin inkişafına mane olmağa çalışan bəzi siyasi dairələrin mövcudluğuna baxmayaraq, Aİ-nin icraedici institutları ilə Azərbaycan arasında əməkdaşlıq ardıcıl və məqsədyönlü şəkildə davam edir. Xüsusilə siyasi dialoq, enerji təhlükəsizliyi, nəqliyyat və regional təhlükəsizlik sahələrində qurulmuş institusional mexanizmlər tərəfdaşlığın strateji xarakterini daha da gücləndirir. Azərbaycanın Avropanın enerji təminatında artan rolu və regionda sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərində fəal iştirakı isə bu münasibətlərin yalnız ikitərəfli deyil, daha geniş geosiyasi əhəmiyyət daşıdığını göstərir.

Bütün bunların fonunda Azərbaycan-Avropa İttifaqı münasibətləri qarşılıqlı faydaya əsaslanan, praqmatik və uzunmüddətli əməkdaşlıq modeli kimi formalaşaraq həm regionda, həm də Avrasiya məkanında sabitlik və inkişaf üçün mühüm amilə çevrilməkdədir.

Azərbaycan-Avropa İttifaqı münasibətləri gələcəkdə hansı istiqamətdə inkişaf edə bilər?

Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-a açıqlamasında məsələyə geniş şərh verdi:

“Azərbaycan-Aİ münasibətlərinin ən güclü sütunu, şübhəsiz ki, enerji sahəsindəki əməkdaşlıqdır. 2022-ci ildə Rusiya–Ukrayna müharibəsinin başlanması Avropanın Rusiya enerji resurslarında asılılığının doğurduğu riskləri tam aydınlığı ilə ortaya qoydu. Bu kontekstdə Azərbaycan Avropanın enerji diversifikasiyasının həlledici bir aktoru kimi ön plana çıxdı.

2022-ci ildə imzalanan Enerji Sahəsində Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu Azərbaycanın Avropa bazarına qaz tədarükünü 2027-ci ilə qədər təxminən iki dəfəyə artırmasını nəzərdə tutur. Bu hədəf istiqamətində ciddi irəliləyiş də qeydə alınıb: 2021-ci illə müqayisədə 2025-ci ildə Azərbaycanın Aİ-yə qaz ixracı təxminən 60% artaraq 13 milyard kubmetrə çatdı. Azərbaycan bu göstərici ilə Avropa İttifaqının ümumi qaz tələbatının təxminən 5%-ni ödəməkdədir. Cənub Qaz Dəhlizi bu enerji axınının hüquqi və infrastruktur çərçivəsini təşkil edir.

2026-cı ilin yanvarında Azərbaycan qazı Trans Adriatik Boru Kəməri vasitəsilə Almaniyaya və Avstriyaya da çatdırılmağa başlandı. Bu addımla birlikdə Azərbaycan ümumilikdə 16, o cümlədən 12 Avropa ölkəsinə qaz ixrac edir. Azərbaycanlı karbohidrogenlərin artan əhəmiyyəti beynəlxalq enerji bazarlarındakı bu strateji mövqeyi daha da möhkəmləndirir. Lakin enerji əməkdaşlığı yalnız qazla məhdudlaşmır. 2024-cü ildə Aİ Azərbaycanın Yenilənə bilən enerji agentliyi ilə Avropa sənaye assosiasiyası WindEurope arasında küləklə bağlı əməkdaşlıq üzrə memorandum imzalanmasına vasitəçilik etdi. Azərbaycanın 2030-cu illərin əvvəllərinə qədər külək, günəş və su enerjisi layihələri hesabına 6–8 giqavat bərpa olunan enerji istehsalı gücü yaratmaq planları Aİ-nin yaşıl keçid strategiyası ilə əhəmiyyətli sinerji yaradır. Azərbaycan, Avropa ilə Mərkəzi Asiya arasındakı Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafında getdikcə daha mühüm rol oynayır. Ukrayna müharibəsinin geosiyasi mənzərəni köklü şəkildə dəyişdirdiyi şəraitdə Orta Dəhliz Avropanın Çin və Mərkəzi Asiya ilə alternativ ticarət əlaqəsinin əsas arteriyasına çevrilib. Bu kontekstdə Azərbaycanın coğrafi mövqeyi daha böyük strateji əhəmiyyət kəsb edir.

Aİ-nin Global Gateway proqramı çərçivəsində Azərbaycana 130 milyon avrodan çox investisiya mobilizasiya olunub. Bu investisiyalar ölkənin iqtisadi şaxələndirilməsinə, yaşıl və rəqəmsal transformasiyanın sürətləndirilməsinə, həmçinin daha ağıllı şəhərlərin inkişafına xidmət edir. Bakı limanının dayanıqlı yük dövriyyəsi mərkəzinə çevrilməsi, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması da bu investisiyaların öncəlikli istiqamətləridir.

Naxçıvan dəmir yolu layihəsi isə xüsusi diqqətə layiqdir. Uzun müddət coğrafi baxımdan təcrid olunmuş qalan bu region üçün dəmir yolu infrastrukturu Azərbaycanın əsas ərazisi ilə əlaqəni möhkəmləndirəcək, eyni zamanda genişmiqyaslı regional nəqliyyat şəbəkəsinin hissəsinə çevriləcək. Aİ bu layihənin inkişafını dəstəkləyir.

Onilliklər boyu davam edən münaqişənin həll edilməsi istiqamətindəki irəliləyiş Azərbaycan-Aİ münasibətlərinin geosiyasi kontekstini köklü şəkildə dəyişdirdi. 2020-ci ildə Azərbaycanın ərazilərinə nəzarəti bərpa etməsindən sonra Cənubi Qafqazda yeni bir mərhələ başladı. Aİ bu prosesin vasitəçiliyinə fəal şəkildə qatıldı. Avropa İttifaqı Şurası Prezidentinin şəxsi iştirakı və Xarici İşlər üzrə Ali Nümayəndənin davamlı səyləri vasitəsilə hər iki tərəf arasında dialoq davam etdi”.

Deputat onu da xüsusi vurğuladı ki, 2025-ci ilin avqust ayında Vaşinqton sammitinin ardından Ermənistan-Azərbaycan sülh müqaviləsinin ilkin mətni razılaşdırıldı: “ Bu, onilliklər boyu davam edən münaqişəyə son qoymaq üçün tarixi bir addım kimi dəyərləndirildi. Avropa Şurasının sədri Antonio Kosta və Komissiyanın sədri Ursula  Von Der Leyen bu anlaşmanı rəsmi olaraq alqışladılar. Aİ sülhün davamlı olmasını təmin etmək üçün regional əlaqəlilik sahəsinə investisiya qoymağa hazır olduğunu bildirdi.

Sülh prosesi Aİ-Azərbaycan münasibətlərini daha da dərinləşdirdi. Çünki bu qurum həm münaqişənin həllini, həm də regional sabitliyi öz xarici siyasət gündəliyinin prioritetləri sırasında görür. Azərbaycanın bu prosesin baş aktoru kimi üstləndiyi rol Bakının Brüsselin gözündəki imicinə müsbət təsir etdi.

Rusiya–Ukrayna müharibəsinin başlanması Azərbaycanın Aİ üçün strateji əhəmiyyətini əhəmiyyətli dərəcədə artırdı. Bir tərəfdən enerji diversifikasiyası baxımından Azərbaycana olan tələbat kəskin şəkildə yüksəldi. Digər tərəfdən isə Orta Dəhlizin bir alternativ tranzit marşrutuna çevrilməsi baxımından Bakının rolu ön plana çıxdı. Geosiyasi baxımdan isə Avropanın öz qərb sərhədlərindən uzaq, lakin strateji əhəmiyyətli ərazi məkanlardakı sabitliyə olan marağı artdı.

Azərbaycan bu dövrdə balanslaşdırılmış xarici siyasət kursunu qoruyaraq Ukraynaya humanitar yardım göstərdi. Bu addım Aİ tərəfindən müsbət qarşılandı. Kaya Kallasın Bakıya səfəri zamanı verdiyi açıqlamada xüsusi olaraq Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyə minnətdarlığını bildirdi.

2025-ci ilin may ayında elan edilən Aİ-nin Qara Dəniz Strateji Yanaşması Azərbaycanı birbaşa əhatə edən yeni bir regional çərçivə yaratdı. Bu strategiya Ukrayna, Moldova, Gürcüstan, Türkiyə, Ermənistan və Azərbaycanla daha sıx əlaqəlilik əməkdaşlığını nəzərdə tutur. Bölgənin Avropanın təhlükəsizlik məkanı ilə əlaqəliliyinin möhkəmləndirilməsi, ticarətin genişləndirilməsi və infrastruktur investisiyaları bu strategiyanın əsas hədəfləridir.

Azərbaycan bu strategiyanın tətbiq olunacağı əsas ölkələrdən biri kimi müəyyən edilib. Bu da Bakının Avropanın regional coğrafiyasındakı mövqeyinin hansı dərəcədə artdığını göstərir.

Azərbaycan-Aİ enerji əməkdaşlığının gələcəyi yalnız qaz tədarükü ilə məhdudlaşmır. Uzunmüddətli perspektivdə enerji əlaqəsinin yeni ölçüsü bərpa olunan enerji sektorunun inkişafı olacaq. Azərbaycanın 2030-cu illərin əvvəllərinə qədər 6–8 giqavat bərpa olunan enerji gücü yaratmaq planları bu sahədə genişmiqyaslı Avropa investisiyalarını cəlb etmək potensialına malikdir.

Xəzər dənizinin açıq dəniz hissəsindəki küləyin böyük potensialı, günəş enerjisi üçün əlverişli coğrafi şərait Azərbaycanı Avropa şirkətlərinin yatırım hədəfinə çevirir. Bununla yanaşı Qara dəniz sualtı kabel layihəsi vasitəsilə bərpa olunan elektrik enerjisinin birbaşa Avropaya ixracı uzunmüddətli hədəflər arasındadır. Bu layihə həyata keçirilərsə, Azərbaycan Avropanın yalnız qaz deyil, həm də yaşıl enerji provayderi olaraq qalıcı əhəmiyyət qazanacaq”.

Deputatın sözlərinə görə, Orta Dəhlizin inkişafı Azərbaycanın önümüzdəki onillikdə Aİ üçün coğrafi əhəmiyyətini daha da artıracaq: Rusiya-Ukrayna müharibəsi Şimali dəhlizi potensial risk bölgəsi kimi kənarda qalmış, Cənub dəhlizinin isə İran ilə bağlı gərginliklər fonunda etibarlılığı azalıb. Bu şəraitdə Orta Dəhlizin önəmi artıb. Azərbaycan bu dəhlizin Xəzər dənizindən keçən kritik hissəsini nəzarətdə saxlayır.

Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması geniş geosiyasi nəticələr doğura bilər. Bölgənin uzun müddəti münaqişə zonası olaraq mövcud olması iqtisadi potensialın reallaşmasına mane olub. Sülhün davamlı olması halında yeni regional əlaqəlilik imkanları, iqtisadi inteqrasiya perspektivləri yaranacaq. Aİ isə bu perspektivlərə investisiya qoymağa hazır olduğunu bəyan edib.

Azərbaycanın bu prosesin aparıcı aktoru kimi üstləndiyi rol ölkənin Cənubi Qafqazda sabitliyin təmin olunmasına verdiyi strateji töhfəni artırır.

2026-cı ilin mart ayında imzalanan Birgə Bəyanat rəqəmsal transformasiya, süni intellekt və texnologiya sahəsindəki əməkdaşlığı xüsusi olaraq vurğulayır. Hər iki tərəf süni intellektin artan əhəmiyyətini qeyd etmiş, bu sahədə əməkdaşlığı gücləndirmək istəyini ifadə edib. Bu, Azərbaycan-Aİ münasibətlərinin ənənəvi enerji-ticarət-siyasət üçbucağından kənara çıxaraq yeni sahələri əhatə etməyə başladığını göstərir.

Azərbaycanın texnoloji startap ekosisteminin inkişafı, e-hökumətin modernləşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi sahələrindəki Aİ dəstəyi gələcəkdə daha da güclənə bilər. Bu əməkdaşlıq ikitərəfli münasibətlərə innovativ bir ölçü əlavə edəcək.

Azərbaycan Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri arasında müdafiə və təhlükəsizlik sahəsindəki əməkdaşlığa açıq olan saylı dövlətlərdən biridir. Bu sahədəki əməkdaşlıq siyasi dialoqu tamamlayan əlavə bir strateji ölçü ola bilər. Cənubi Qafqazda sülhün möhkəmlənməsi halında regional investisiyalar artacaq, Azərbaycan bölgənin iqtisadi lokomotivinə çevriləcək”.