London məhkəməsi Cavanşir Feyziyevin dondurulmuş hesablarını açdı

  • By admin
  • 31 Yanvar 2022 20:03

Sosial şəbəkələrdə London Məhkəməsinin deputat Cavanşir Feyziyev və ailə üzvlərinə məxsus 15 milyon funt sterlinqi dondurması  prosesi ilə ilə bağlı məhkəmənin yekunu  barədə informasiyalar yayılıb.

Bu məlumatlarda məhkəmə hökmünün deputatın ziyanına olması və külli miqdarda vəsaitinin müsadirə olunduğu bildirilir.
Ancaq Gununsesi.info-nun araşdırmasında heç də məsələnin belə  olmadığı üzə çıxıb.
Əksinə, məhkəmə dondurulmuş vəsaitlə bağlı müsbət qərar verib.

 

Belə ki, məhkəmə hesablarda olan vəsaitin 10 milyondan bir qədər çoxunun qanuni fəaliyyət nəticəsində qazanıldığı və qanuni şəkildə Böyük Britaniyaya köçürüldüyü qənaətinə gəlib.

Məhkəmə qərarında qeyd olunur ki, həmin vəsaitlər qanuni yolla qazanılıb. Ona görə də hakim Con Zani həmin vəsaitlərin öz sahiblərinə qaytarılması üçün bank hesablarının dərhal açılması barədə qərar qəbul edib.

 

5 milyon funt sterlinqin taleyinə gəlincə, vəsaitin köçürülmə mexanizmində məhkəməyə tam aydın olmayan məqamlar olduğunu bildirən hakim bunu onunla əsaslandıeıb ki,  bu məqamlar bir neçə il əvvəl Azərbaycan Beynəlxalq Bankı ətrafında baş vermiş qalmaqalla bağlıdır.
Böyük miqdarda pul vəsaitlərinin itkisi ilə üzləşmiş Beynəlxalq Bankın fəaliyyətində şəffaflığın olmaması həmin bank vasitəsilə köçürülmüş bütün vəsaitlərin sual altına düşməsinə səbəb olub. Hakim belə qənaətə gəlib ki, pulların köçürülməsi ilə məşğul olan bankların daxili nəzarət sistemlərində mövcud olan boşluqlar şübhə doğurur, lakin köçürmə prosesində baş vermiş mənfi halların Pərvanə Feyziyeva, Orxan Cavanşir və Elman Cavanşirlə bilavasitə bağlılığı yoxdur.

 

Cavabdehlərin sözçüsü Coş Kemeron Britaniya mətbuatına açıqlamasında bildirib ki, müdafiə tərəfində qalan vəsaitlərin də qanuni fəaliyyət nəticəsində qazanıldığını və köçürmə əməliyyatlarının qanuniliyini təsdiq edən təkzibolunmaz sənədlər var, amma məhkəmə araşdırmaları zamanı həmin sənədlərin təqdim olunması tələb olunmadığından onlardan indiyədək istifadə olunmayıb.

 

Vəkil Çarlz Bott da öz açıqlamasında hələ də araşdırmaya ehtiyacı olan köçürmə əməliyyatlarının doğruluğunu sübut etmək üçün növbəti mərhələdə daha yüksək instansiyalı məhkəmədə davam etdiriləcəyini bildirib və nəticədə bütün vəsaitlərin tam şəkildə öz sahiblərinə qaytarılacağına əminliyini ifadə edib.

Məhkəmənin qərarına əsasən 10 milyon funt sterlinq öz sahibinə qaytarılır.

Məsələ ilə bağlı daha geniş materialı təqdim edəcəyik.

Onu da bildirək ki, bu məsələ gündəmə gəldikdən sonra Feyziyevlər ailəsi dünyanın ən nüfuzlu audit şirkətlərini prosesə cəlb etmişdi. Həmin şirkətlərin apardığı auditon nəticəsi məhkəməyə təqdim olunub.

Günay Təhməz

Gununsesi.info