Luqansk vilayətinin 11 yaşayış məntəqəsi AZAD EDİLDİ

  • By admin
  • 12 Noyabr 2022 21:23

“Ukrayna silahlı qüvvələri artıq Luqansk vilayətində 11 yaşayış məntəqəsini rus işğalçılarından azad edib”.

Bu barədə Gununsesi.info Luqansk vilayətinin rəhbəri Serxi Qaydayın bəyanatına istinadla xəbər verir.

“Silahlı Qüvvələrin irəliləyişi digər sahələrdə olduğu kimi sürətli deyil. Təəssüf ki, rus işğalçı qüvvələri güclü hazırlaşmaq üçün vaxt tapıblar, onlar daim ehtiyatları, texnikaları çıxarır, müdafiə strukturları tikirlər. Və ətrafdakı hər şeyi minalayırlar”, – deyə vilayət rəhbəri izahat verib.

Onun sözlərinə görə, işğaldan azad edilən qəsəbələr kiçik kəndlərdir.

Qayday əmin edib ki, Luqansk vilayətinin işğaldan azad edilməsinə başlanması faktının özü böyük nailiyyətdir.

“Yerli sakinlər tez-tez partlayış səsləri eşidirlər. Yəni cəbhə xətti tədricən yaxınlaşır”, – o, əlavə edib.

Vilayət rəhbəri deyib ki, yaşayış məntəqələrinin azad edilməsi və təmizlənməsi onlara qayıtmağın mümkün olması demək deyil.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri 2022-ci il oktyabrın 31-də Luqansk vilayətinin 9 yaşayış məntəqəsini azad edib.

Gununsesi.info