Məktəblərdə yetişən savadsızlar: təhsilimizin böyük problemini necə həll edək?

  • By admin
  • 20 Aprel 2022 14:10

Bu il 9-cu siniflərin buraxılış imtahanlarında 92 673 nəfərdən təxminən 23 650 nəfər 0-50 bal arası nəticə göstərib. Pandemiya ilə əlaqədar təhsil sistemində yaranan boşluqlar səbəbindən buna yaxın nəticə gözlənilən idi. Lakin aidiyyəti qurumlar bu nəticənin qarşısının alınması üçün hansısa addım ata bildimi?

Gununsesi.info məsələ ilə əlaqədar təhsil eksperti Kamran Əsədovun müsahibəsini təqdim edir:

– Şagirdlərin imtahanda verilən suallarla əlaqədar narazılıqlarını necə dəyərləndirirsiniz?

– Cari ildə 11-ci siniflər üçün keçirilən buraxılış imtahanlarından sonra aprel ayında artıq 9-cu siniflərin buraxılış imtahanları başlayıb. Etiraf edək ki, elə ilk imtahan həftəsində şagirdlər tərəfindən çox ciddi narazılıqlar eşidilməyə başlandı. Xüsusən riyaziyyat fənninin sualları, eyni zamanda ingilis dilindən dinləmə mətnləri və bu tipli suallar müəyyən qədər şagirdlər tərəfindən haqlı narazılıqlara səbəb oldu. Belə ki, şagirdlərimiz iki ildən çoxdur ki, pandemiyadan əziyyət çəkirlər və onlar dərs prosesində tam şəkildə iştirak etməyiblər. Bu gün bizim 9-cu sinifdə imtahan verən şagirdlərimiz iki ildən çoxdur ki, məktəblə bir o qədər də ciddi təmasda deyillər. Əsasən də riyaziyyat fənninin pandemiya dövründə tədrisi ilə bağlı problemlər var idi. Yəni onlayn rejimdə bu fənni tədris etmək mümkün deyildi.

– Bu kimi problemlərdən DİM xəbərsiz idi?

– Pandemiya dövründə mütəmadi olaraq bizim məktəblərimiz qapanmalara gedir, müəllimlər arasında yoluxma olduğu üçün tədris tam olaraq bərpa edilməmişdi. Bütün bu səbəblər tədrisin təşkilində maneələr yaratmışdı. Birmənalı şəkildə bu səbəblər imtahan nəticələrinə öz təsirlərini göstərəcəkdi. Lakin Dövlət İmtahan Mərkəzi (DİM) dövlətin müəyyən etdiyi standartları yoxlayır və orada hər hansı bir kənar amil, xüsusiyyət nəzərə alınmır. DİM hesab edir ki, istər pandemiya dövründə, istərsə də ənənəvi qaydada tədris zamanı şagirdlərdə bu bilik və bacarıqlar formalaşdırılır.

– Bölgələrdə internet probleminin olduğu hər kəsə məlum idi. Bu vəziyyət suallar hazırlanarkən nəzərə alınmayıb?

– Biz bilirik ki, bölgələrdə heç də şagirdlərin hər birinin internetə çıxış imkanları yoxdur. Qeyd edim ki, keçirilən imtahanların heç birində mövzular çıxarılması istisna olmaqla pandemiya dövrünün öyrənməyə və öyrətməyə yaratdığı çətinliklər nəzərə alınmayıb. Hesab edirəm ki, imtahanlara müəyyən qədər individual yanaşmaq lazımdır. 9-cu sinif şagirlərinin imtahan nəticələri onların kolleclərə qəbul olunması üçün də çətinliklər törədəcək. Xüsusi olaraq bir məqamı da qeyd etmək lazımdır ki, 11-ci siniflər arasında da 90 mindən çox şagird imtahanlarda iştirak edib ki, onlardan cəmi iki nəfər maksimum nəticə toplaya bilib. Yəni bu uşaqlar 9-cu siniflə eyni tipdə imtahan verməyib. Ümumilikdə buraxılış imtahanlarına çətinlik yaradan istər 9, istərsə də 11-ci siniflərdə situasiya tipli sullardır. Yəni yazılması birbaşa imtahan iştirakçısı tərəfindən tələb olunan suallar var ki, bu sualların cavablandırılması şagirdlərə çətinlik törədir. Onlar daha çox qapalı tipli sualları, testləri cavablandıra bilirlər. Amma açıq və situasiya tipli sualların cavablandırılması abituriyentlər üçün faiz olaraq çox aşağıdır və çətinlik yaradır. Düşünürəm ki, bizim buraxılış və qəbul imtahanlarından situasiya tipli suallar çıxarılmalıdır. Bu zaman biz uşaqların testlərinin nəticələrini daha problemsiz yoxlaya bilərik. Biz illərdir buraxılış və qəbul imtahanlarının nəticələrindən narazıyıq. Buraxılış imtahanlarında test tapşırıqlarının olduğu sual kitabçasının verilməməsi də mənfi haldır. Fikrimcə, şagirdlərin yaxşı nəticə göstərməməsinə səbəb məhz bu amildir. Məncə, biz riyaziyyat fənninin suallarını müəyyən qədər sadələşdirməliyik ki, ümumi mənzərə aşağı olmasın.

– Bəs şagirdlər necə, bu cür nəticələrdə onların səhvini nədə görürsünüz?

– Bu gün Azərbaycan məktəblisi demək olar ki, oxumur. O, vaxtının böyük əksəriyyətini sosial şəbəkələrdə, eyni zamanda internet resurslarında keçirir. Düzdür, biz pandemiya dövründə onlara kompüteri, planşeti verəndə bu nəticələr gözlənilən idi, lakin mövcud problemin səbəbi bir neçə amillə bağlıdır. Burada DİM-in də günahı var. Çünki onlar sual kitabçalarını vermirlər və şagirdlər apellyasiya şikayətində hansı suala necə şikayət vermək lazım olduğunu bilmirlər. Yaxud da onlar suallarla tanış olmurlar. Burada Təhsil Nazirliyi də öz üzərinə düşən yükü qaldırmır. Əslində onlar nəticələrin yaxşı olmasında maraqlı olmalıdırlar. Lakin biz bunu görə bilmirik. Onlar yalnız bir ildən sonra imtahan nəticələrini təhlil edirlər. Halbuki Təhsil Nazirliyi operativ olaraq hər bir imtahandan sonra sualları təhlil etməli, onların məzmunu ilə əlaqədar iş görməlidir. Bu gün bizim şagirdlərimiz ciddi şəkildə təhsildəki uğurlarını sadəcə hazırlıqlara getdikləri kurslar sayəsində əldə edirlər. Bu, ciddi bir məsələdir. Yəni məktəblilər öz funksiyalarını yerinə yetirmirlər. Biz görürük ki, bu gün gənclər oxumaqdan daha çox əyləncəyə və digər sahələrə meyillidirlər. Bu isə yaxın illərdə nəticələrin yüksəlməsinə gətirib çıxarmayacaq. Son illərin nəticələri göstərir ki, tədrisin keyfiyyətinin aşağı olması bu problemləri artırır.

Gununsesi.info