Maqsud Mahmudova 14 il cəza verildi

  • By admin
  • 06 May 2022 18:43

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudov 14 il azadlıqdan məhrum edilib.

Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Hökmə əsasən, Mahmudov külli miqdarda dələduzluq, xüsusi dəyəri olan əşyaların talanması və başqa əməllərdə təqsirli sayılıb. İddia olunur ki, o, sahibi olduğu lombarda qoyulmuş qızıl-zinət və başqa dəyərli əşyaları ələ keçirib, bir sıra tanışlarının külli miqdarda pulunu mənimsəyib.

Hökmdən öncə Mahmudovun vəkili məhkəmə istintaqının təzələnməsini təklif edib. Müdafiəçi iddia edib ki, müvəkkili hələ 1993-cü ildən psixi xəstəlikdən əziyyət çəkir və anlaqsız vəziyyətdə olub.

Mahmudov özü son sözündə deyib ki, özü bilir, “qırmızı xətt”i keçdiyinə görə cəzalandırılıb:

“Gərək keçməyəydim, amma artıq gecdi. Mən 2018-ci ildə tək-tənha mitinqdə qabağa çıxıb “İlhamla irəli!” deyən adamam e. Buna görə biri mənə vedrə bağışladı, o biri aftafa, biri “yaltaq” dedi. Mən kimi söymüşəmsə, əcəb eləmişəm, iki nəfərdən – İlham Əliyev və Mehriban Əliyevadan başqa”.

Zərərçəkmişlərə üz tutan Mahmudov onların aldadıldığını iddia edib. Onun sözlərinə görə, onu cəzalandırmaq üçün bu adamlardan vasitə kimi istifadə ediblər. Mahmudov deyir ki, hətta uşaqlıq dostlarını da bu prosesə qoşublar:

“Kimsə bunları öyrətdi ki, durun Maqsudun üzünə. Sizi öyrədən adamlara çatdırın, bir manat da pul ala bilməyəcəksiz. Mənim iki nəfərə borcum var – Rasimə və Aslana, onu da mütləq verəcəm. Açıq şəkildə deyin ki, “qırmızı xətti” keçmisən, ona görə cəzalanırsan, yoxsa dələduzluq nədi…”

Mahmudovun son sözünün ardından təxminən iki dəqiqəlik müşavirədən sonra hakimlər hökmü elan edib.

Mahmudov Ukraynaya getməmişdən öncə Bakıda müxalifətin keçirdiyi aksiyalarda prezidenti müdafiə edən şüarlar səsləndirirdi. Sonradan o, sosial şəbəkələrdə canlı yayımlarda Azərbaycan hökumətini tənqid edərək, təzyiqlərə görə qaçdığını iddia edirdi.
Mahmudov keçmiş MTN generallarının haqqında cinayət işində də zərərçəkmiş qismində tanınmışdı. O işdə iddia olunurdu ki, sabiq MTN-çilər onu intim görüntülərini çəkərək, onları yaymaqla şantaj edərək, onun külli miqdarda pulunu alıblar.

Budəfəki cinayət işində Mahmudov həm də şantajla pul tələb etməkdə suçlanır.

Zərərçəkmişlər arasında Əməkdar artist Vasif Məhərrəmli, müğənni Afət Fərmanqızı da var. Onlar da məhkəmədə dindiriliblər.
Mahmudov ittihamları qəbul etmir, özünü təqsirli saymır. O, sifarişlə həbs olunduğunu deyir.

Günay 
Gununsesi.info