Nəqliyyat ekspertindən VACİB AÇIQLAMA: “Ayda 10-20 manat ödəmək keçmişdə qaldı, həbs oluna bilərsiniz” – FOTO

Bir müddət əvvəl “Yol hərəkəti haqqında” qanunun 30-cu maddəsinə (Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi) dəyişiklik təklif olunub.

Dəyişikliklə qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, avtonəqliyyat vasitələri “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılacaq. Bu qayda ilə müvafiq icra sığorta müqaviləsinin mövcudluğu “İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq.

Qanuna təklif edilən dəyişiklikdə oxucular üçün qaranlıq qalan bəzi fikirlər var. Qaranlıq qalan məqama aydınlıq gətirmək üçün mövzunu nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov ilə şərh etdik.

Ekspert Oxu.Az-a açıqlamasında bildirib ki, sərnişindaşıma ilə məşğul olanlar mütləq qaydada xüsusi sığorta həyata keçirməlidirlər:

“Bu günə qədər sərnişindaşıma fəaliyyətində sərnişinlərin sığortası həyata keçirilmirdi. Yalnız sərnişindaşıyan nəqliyyat vasitəsinin sığortası edilirdi. Qəza zamanı təxminən 50 min manata qədər ziyan zamanı sığorta şirkəti xərcləri qarşılayırdı. Bu günə qədər sərnişindaşımada qəza olan zaman ümumi məbləğ sərnişinlərə də bölünürdüsə, bundan sonra sərnişinlərin hər birinin sığortası məcburi olacaq. Yəni sərnişindaşıma vasitəsilə ilə yanaşı, sərnişinlər də sığorta olunacaqlar və sabah sərnişindaşımada qəza zamanı xəsarət, ölüm halları olarsa, sürücülərlə yanaşı, sərnişinlərə də sığorta ödənişləri həyata keçirilərək”.

Ekspert mülki məsuliyyətlə bağlı məqama da aydınlıq gətirib:

“Mən avtomobilimi hər hansı sığorta şirkətində sığortalamışam. Mənim səhvim ucbatından qəza baş verirsə, qarşı tərəfə mənim səhvimdən dolayı zərər dəyibsə, həmin sığorta şirkəti qarşı tərəfin xərclərini qarşılayırdı. Lakin indi dəyişikliklərə əsasən, avtomobilini sığorta etdirən şəxs istər öz, istərsə də qarşı tərəfin səhvi ucbatından qəza törədibsə, sığorta onun özünün xərclərini ödəyir. Qarşı tərəfin xərclərini isə öz sığortası qarşılayacaq.

Hazırda nəqliyyat vasitələrinin sığortası məcburi olduğu üçün nadir hallarda ola bilər ki, qəza zamanı nəqliyyat vasitəsinin sığortası olmasın. Avtomobilinin sığortası olmayan nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələnirlər. Sığortası olmayan sürücü qəza törədib ödəniş etmirsə, o, nəinki İXM-nin müvafiq maddəsi ilə, hətta qarşıdakı şəxsin əmlakına, sağlamlığına vurduğu zərərə görə CM-nin müvafiq maddələri ilə də məsuliyyətə cəlb edilə bilər”.

“Bəzi sürücülər hələ də köhnə miflərlə yaşayırlar. Düşünürlər ki, qəza olacaq, deyəcəm, sığortam yoxdur, məhkəməyə verəcəklər, ayda 10-20 manat ödəyəcəm. Belə şeylər keçmişdə qaldı. Qarşı tərəfə vurduğunuz ziyana görə sizdən elə bir məbləğ tələb oluna bilər ki, hətta siz həbs edilə bilərsiniz. Nəqliyyat vasitəsi idarə edən şəxslər yol hərəkəti qaydalarına əməl etməlidirlər, digər hərəkət iştirakçılarına maneələr yaratmamalıdırlar”, – deyə ekspert sonda qeyd edib.

Gununsesi.info