Netanyahu Livanın cənubuna səfər edib

İsrailin Baş naziri Binyamin Netanyahu Livanın cənubundakı təhlükəsizlik zonasında yerləşən hərbi birləşməni ziyarət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Netanyahu hərbçiləri əmr gözləmədən istənilən təhdidə dərhal reaksiya verməyə çağırıb.

“Əgər təhlükəsizliyinizə, həyatınıza və ya dostlarınızın həyatına təhlükə aşkar etsəniz, hərəkətə keçin. Gözləməyin. Bu, ciddi və qeyd-şərtsiz bir əmrdir” – Netanyahu bildirib.

Səfər zamanı onu müdafiə naziri İsrael Katz və İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisinin müavini Tamir Yaday müşayiət edib.

Səfər İsrail və Livan arasında ABŞ-nin vasitəçiliyi ilə çərçivə sazişinin imzalanmasından bir neçə gün sonra baş tutub.

Netanyahunun sözlərinə görə, bu razılaşmaları mümkün edən İsrailin İranın dəstəklədiyi Hizbullaha qarşı hərbi əməliyyatları olub.

“Sizin buradakı hərəkətləriniz sayəsində Livan İsraili, İsrail Livanı tanıyır. Biz İrana və Hizbullaha deyirik ki, buradan çıxın. Sizin burada yeriniz yoxdur. Bu, İran üçün güclü bir zərbədir”, – baş nazir bildirib.

O həmçinin vurğulayıb ki, İsrail təhlükə aradan qaldırılana qədər cənubi Livanı tərk etməyəcək: “Hizbullah bizim üçün təhlükə olduğu müddətcə biz burada qalacağıq”.

Gununsesi.info