Putini Ukraynada bu 2 nəfər tələyə saldı - ŞOK DETALLAR

  • By admin
  • 16 Mart 2022 12:38

Artıq Rusiya-Ukrayna savaşının üçüncü həftəsi yaşanır. Sülh çağırışları olsa da, barışıqdan əsər-əlamət yoxdur. Bir çoxları düşünür ki, bu 3 həftə ərzində “məğlubedilməz rus ordusu” mifi dağıdıldı. Üstəlik, rus əgərləri də Ukraynada Suriya cəbhəsindəki qədər aktiv deyil. Rusların Kiyevə 3 günə ildırımsürətli çıxmaq planı da suya düşdü. 

Tərəflər bu gedişlə hansı nəticəyə nail olacaqlar?

Suallarımızı politoloq Cümşüd Nuriyevə ünvanladıq.

Politoloq Publika.az-a müsahibəsində söylədi ki, Rusiyanı Ukraynada tələyə saldılar.

– Cümşüd müəllim, artıq Rusiya-Ukrayna savaşının üçüncü həftəsindəyik. Sizcə, hazırkı durumda siyasi, hərbi, iqtisadi müstəvidə tərəflərdən hansı udur, hansı uduzur?

– Ukraynanın burada yeganə qazancı informasiya müharibəsini udması ilə bağlıdır. Amma həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən Ukrayna “pat” vəziyyətindədir. Rusiyanın da siyasi qələbəsi yoxdur. Hərbi qələbəsi də yox dərəcəsindədir. Çünki Rusiyanın özü Ukraynanın əli ilə bu tələyə düşüb. Bu, Amerika Birləşmiş Ştatlarının hazırladığı çox gözəl bir siyasi tələdir. Bunlar vaxtilə təbliğat apararaq Əfqanıstan, Baltikyanı dövlətlər vasitəsi ilə SSRİ-ni dağıtmağa nail oldular. İndiki durum da ondan bir qədər fəqlidir. Həmin planı hazırlayanlar Zbiqnev Bzejinski və Corc Fridmandır. Bu şəxslər dünyada tanınmış siyasətçilərdir. Həmin şəxslər Rusiyanı çökdürmək üçün 3 dövlət, 3 respublika seçmişdilər. 3 dövləti seçən Corc Fridman idi;

Polşa, Türkiyə və Yaponiyanın əli ilə bunu etmək planlaşdırılmışdı. Türkiyə bir müddət bu layihədə iştirak etdi, amma Prezident Ərdoğan çox ustalıqla bu layihədən uzaqlaşdı. Beləliklə, həmin layihə gündəmdən çıxdı.

– Bəs, Polşa və Yaponiya necə, hələ də oyunun bir parçasıdır? 

– İndi Polşa ilə Yaponiya Rusiyaya heç nə edə bilməyəcək. Polşa və Yaponiyanın Rusiyaya nifrəti var. Ümumiyyətlə, Yaponiyanın 75 ildir müqaviləsi yoxdur. Heç ordusu da mövcud deyil. “Harbor” müqaviləsi ilə yaponlar bütün səlahiyyətləri ABŞ-a veriblər. Mən indi nədənsə şikayət edirəmsə, Yaponiya da hazırda həmin statusdadır, yəni verilən bəyanatlar heç bir statusa malik deyil. ABŞ və İngiltərə isə istədiklərini aldılar. “Brexit”dən sonra məlum oldu ki, İngiltərə Avropa İttifaqı kimi bir güc mərkəzini dağıtmaq istəyir. Bir sözlə, anqlo-sakslar öz ideyalarını həyata keçirdilər. Bzejinskinin “ Böyük şahmat taxtası”nda 3 respublika var idi. Bunlar Ukrayna, Özbəkistan və Azərbaycandır. Azərbaycan prezidenti çox uğurlu bir gediş edərək Ukrayna-Rusiya müharibəsindən cəmi 2 gün qabaq ölkəmizi siyasi baxımdan dar ağacından qurtardı. Burada dövlətçilikdən başı çıxmayan, amma özünü siyasətçi sayanlar çoxdur. İlham Əliyev Azərbaycanı dəhşətli bəladan qurtardı. Hələ Gürcüstan və Ermənistanın başına nələrin gələcəyini özünüz görəcəksiniz. Azərbaycan özü ağıllı şəkildə bu oyundan çıxdı. Özbəkistan da Bzejinskinin oyununa qoşulmadı. Amma Ukrayna bu oyuna düşdü. İndi Ukrayna Azərbaycanın 30 il əvvəl üzləşdiyi duruma düşüb. Biz informasiya qəhrəmanlığı etdik və nəticədə əlavə 7 rayonumuz işğal altına düşdü. İndi bizə bir neçə il lazımdır ki, onun fəsadlarından qurtulaq. Qayıdaq bayaqkı məsələyə; gördülər ki, Bzejinskinin layihəsi alınmır, sonra Qərb anqlo-saks layihəsinə keçdi. Burada Rusiya və Ukraynanı oyuna saldılar.

– Cümşüd müəllim, bu oyunun əvvəlkindən fərqi və məqsədi nə idi?

– Əsas məqsəd Rusiyanı Avropadan ayırmaq idi. Bu, ona görə lazım idi ki, Birləşmiş Ştatlar özünün yanar şistdən alınan qazını satsın. Digər tərəfdən, ABŞ rus oliqarxlarının 867 milyard dollarlıq pulunu götürdü. Rusların 1 trilyonluq puluna da Ukrayna əl qoyub. Qadağalar tətbiq edib. İtaliya və digərlərinə isə hələlik bir şey çatmayıb, onların “qazancları” çox azdır. Rusların ən çox mülkləri Yunanıstandadır, Afina isə bu işlərə qoşulmayıb. Belə götürsək, Rusiyadan 3 trilyon dollardan çox vəsait çıxarılıb. Artıq onun 2 trilyon dolları İngiltərə ilə ABŞ-ın əlinə keçib. Birləşmiş Ştatlar bu savaş nəticəsində həm öz köhnə silahlarını satdı, həm də özünün yeni silahlarını sınaqdan keçirdi. Eyni zamanda, Vaşinqton NATO-nu bu işlərə qarışmağa qoymadı. Avropa İttifaqı müharibədən qorxduğu üçün bu oyunda iştirak etmədi. Yəni, Ukraynaya verilən sözlərin heç biri tutulmadığına görə, indi Vladimir Zelenski əl-ayağa düşüb. O, Rusiya ilə sülh müqaviləsi imzalamağa çalışır. Kremlin şərtləri isə olduqca ağırdır. Bunlar qeyri-adi şərtlərdir. Əslində, Rusiyanın Ukraynaya hazırkı yanaşması neofaşizmin bir nümunəsidir. Çünki Rusiyada Lenindən üzübəri bir şovinizm var. Biz həmin şovinizmi 200 ildir ki, öz üzərimizdə sınaqdan keçirmişik. Bu gün hələ də bir dövlət, xalq olaraq həmin şovinizmdən əziyyət çəkirik. Ruslar indi Ukraynadan tələb edirlər ki, Krımı Rusiyanın tərkib hissəsi kimi tanısınlar. İkincisi, Luqansk və Donetski respublika kimi tanımalarını tələb edirlər. Yəni, ruslara görə Ukrayna federallaşmalıdır. Hazırda ən gərgin döyüşlər Mariupolda gedir. Kiyev başa düşür ki, Mariupol getdisə, deməli, Ukrayna gedib. Bu şəhər işğal olunsa, Rusiyanın Krıma birbaşa yolu açılır. Beləliklə, Ukrayna birdən-birə ərazilərinin 17-19 faizini itirəcək. Ona görə də Rusiya “sürünən müharibə”yə keçib.

– Rusiyanın “güclü ordu” mifinin dağıldığını düşünənlər var. Sizcə, doğrudanmı belədir?

– Bəli, Rusiyanın güclü ordu mifi dağıldı. Məlum oldu ki, Rusiyanın güclü ordusu yoxdur. Rusiya ordusunun bütün komandanlığı korrupsiyalaşmış bir sistemdədir. Şoyqu başda olmaqla bütün yüksək rütbəlilər bu sistemə daxildir. Bu, Rusiyanın çöküşünü yaxınlaşdırır. Doğrudur, dünyanın təbii ehtiyatlar resursunun 21 faizi Rusiyada cəmlənib. İran da 30 ildir ki, sanksiya altındadır, görün cənub qonşumuz hazırda nə gündədir?! Bu gedişlə Çin müdaxilə edərək sakitcə Rusiyanın ərazilərini götürəcək. Bu, “icarə” və ya başqa adlarla mümkün ola bilər. Amerika da məhz bundan narahatdır. Ona görə də NATO-nu bu işə qarışmağa qoymadılar. Bəhanələri də “Üçüncü Dünya müharibəsinin olması” idi. Çin avtomatik olaraq güclənəcək. Rusiya isə məcbur qalıb öz daxilində idxalı əvəzləmə metoduna keçəcək. Dünya bazarının özü də çox ciddi problemlərlə üzləşəcək. Burada resurs amili də önəmlidir. Avropanın enerji təhlükəsizliyinin 40 faizdən çoxu Rusiyadan asılıdır. Gələn il Avropa və onun sənaye sistemi çökəcək. Hazırda qazın kubmetri 2 mindən 4 min dollara qalxıb. Rusiya Qərbə bir balaca sanksiya tətbiq etsə, qiymətlər daha da yüksələcək. Qiymətlərə görə Avropa rus qazından imtina etdikdə isə Amerika özünün şist qazını Qərbə sırıyacaq. Hazırda İspaniya maye qaz məsələsinə görə ortaya düşüb. İndi ABŞ İspaniyanın əli ilə Avropaya meydan oxuyacaq. Fransa isə bütün bunların qarşısında heç nə edə bilməyəcək. Uzun müddət Avropanın siyasi lideri Fransa, iqtisadi lideri isə Almaniya idi. İkisi də çökdürüləndən sonra Avropada heç nə qalmayacaq. Onsuz da Yunanıstan, Şimali Makedoniya, Serbiya kimi dövlətlər də Qərbi qəbul etmirlər. Macarıstan və Yunanıstan da oyundan kənarda qalıb. Beləliklə, daxildə parçalanma yaranır. Bütün bunlar Qərbə böyük problemlər yaradacaq.

– Rusiya Suriyada fərqli döyüş aparırdı. Amma Ukraynada həmin ordunu görmədik. Fərq nədədir, onlar ərəb idi, bunlar slavyan? Köpüyü dağılan bir ordu niyə 2 fərqli cəbhədə tamam fərqli görünməyə başladı? 

– Əslində, dünyanın 80 dövləti Ukraynanı dəstəkləyir. Pul, silah, hətta döyüşçü də verirlər. İkinci Qarabağ savaşında Avropa “Bayraktar”ı qatil adlandırırdı, indi isə həmin PUA-nı Ukrayna üçün ümid adlandırır. İkinci Qarabağ savaşında bizi cinayətkar adlandırırdılar. Hətta bir neçə gün bundan əvvəl AŞPA qətnamə qəbul etdi, guya biz Qarabağın dağlıq hissəsində erməni abidələrini “dağıtmışıq”. Ermənilər oraya sonradan köçürülüblər. Burada hansı abidədən söhbət gedə bilər?! Alban abidələrini biz qoruyuruq, onlar kimdir ki?! Suriya ilə Ukraynanı müqayisə edək; Qərb müsəlmanlara yanaşmada ikiüzlülük və yalançılıq var. Onların müsəlmanları görməyə gözləri yoxdur. Amma Ukrayna xristian olduğu üçün vəziyyət fərqlidir. Avropa müsəlman qaçqınları görün nə günə saldı?! Yenə də hamısına Türkiyə sahib çıxdı. Hətta bu məsələyə görə Türkiyəyə qısqanclıqla yanaşdılar. Hətta Ərdoğan müraciət etdi ki, müsəlmanları insan yerinə qoymadılar, amma ukraynalılar göygöz, ağbəniz olduqları üçün onlara rəğbətlə yanaşırlar. Bilirsiniz, bizə qarşı əməlli-başlı diskriminasiya var. Bu iki müharibəni müqayisə edəndə onu aydın şəkildə görürük.

Gununsesi.info