
İşğaldan azad edilmiş ərazilərdə yeni milli parkın yaradılması istiqamətində işlərə başlanılıb. Həmin milli park Şuşa-Ağdərə-Kəlbəcər rayonlarının ərazisini əhatə edəcək.
Gununsesi.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva jurnalistlərə müsahibəsində deyib.
“Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və onun təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. On milli parkla kifayətlənmirik. Ölkə ərazisində yeni milli parkların yaradılması ilə bağlı tədqiqatlar aparılır. Bunun nəticəsidir ki, iki yeni milli parkın yaradılması istiqamətində artıq bir çox işlər həyata keçirilib. Bunlardan biri İlisu Dövlət Təbiət Qoruğunun bazasında İlisu Milli Parkının yaradılması, digər layihə isə Axar-Baxar dağ silsiləsi, Alazan çayı vadisində Axar-Baxar Milli Parkının yaradılmasıdır. Həmçinin işğaldan azad olunmuş ərazilərdə tədqiqatlar aparılır və orada da milli parkın yaradılması istiqamətində işlərə başlanılıb. Nəinki milli parklar, həmçinin digər kateqoriyalı təbiət ərazilərinin yaradılması ilə bağlı işlərimiz var. Zaqatala qoruğunun nəzdində Zaqatala Biosfer Rezervatının yaradılması, həmçinin palçıq vulkanları kimi unikal təbiət komplekslərinin mühafizəsi məqsədilə məhz Bakı və Abşeron yarımadasında Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun bazasında geoparkın yaradılması yaxın gələcəkdə həyata keçirəcəyimiz layihələrdən biridir.