Rafiq Məmmədli- jurnalist, məsləkdaş, vətəndaş -ÇİNGİZ SULTANSOY YAZIR

  • By admin
  • 11 Aprel 2024 19:42

 

Tanınmış jurnalist və İT mütəxəssisi Rafiq Məmmədli uzun sürən xərçəng nədənindən dünyadan köçdü. Rafiqlə tanışlığımızın haçan, harada başladığı dəqiq yadımda deyil, çox ehtimal 1992-nin yazı, “Nizami” metrosunun yaxınlığında yerləşən “Azadlıq” qəzeti redaksiyasından. Azdanışan, çox iş görən, səmimi və təvazökar bir gənc.

2005-də Elmar Hüseynov güllələnəndən az sonra tale bizi “Monitor” jurnalının redaksiyasında görüşdürdü, Elmarın həyat yoldaşı Ruşana şəhid ərinin işini “Bakinskie vedomosti” həftəlik qəzeti formasında davam etdirirdi. Rafiq Azərbaycan dilində yazsa da, təəccüb eləmədim, daha harada olmalıydı ki? Sonradan bildim ki, Rafiq burada həm jurnalist kimi yazı yazır, həm də kömpüter işlərinə baxır. Onun Azərbaycan dilində yazdığı bir yazısını rus dilinə çevirməyim yadımdadı. Sözüm ondadır ki, Rafiq Məmmədli həmişə çağdaş Azərbaycan jurnalistikasının ən çətin və təhlükəli yerlərində idi, asan, sərfəli və təhlükəsiz yollar və yerlər axtarmırdı.

Əli qələm tutan, bəzən isə heç tutmayan adamların çoxunda tanınmaq iddiası, azarı olur. Epatajla, hətta meymunluqla tanınmaq istəyən, sinov gedən böyük kütləyə, içindəki sürüyə nəzər salın! Rafiq belələrinin tam əksi idi, təvazökar, təmkinli, belə ucuz və düşük istəklərə və ehtiraslara uymayan. Amma yaxşı tanınırdı və əsas da ki böyük hörmətl vardı.

Daha sonra bir də 2010-cu ilin yazında AzadlıqRadiosunun Bakı bürosunda görüşdük və bu işimiz bizi əvvəlkilərdən daha artıq yaxınlaşdırdı.

Mühacirətə gedəndən və başlıcası, tənqid yazmağa davam edəndən sonra bir xeyli dost-tanış mənimlə əlaqəni kəsdi. Rafiq isə telefonla müntəzəm danışdığım azsaylı köhnə dostlardan biri olaraq qaldı, ona görə xəstəliyindən xəbərim vardı. Bu ağır durumda da Rafiq mətin idi, sınmamışdı, müalicə alır, mübarizə aparır, sağlam həyat tərzinə uyğun yaşayır, məsələn, daralan fiziki imkanlar daxilində idman edir, piyada çox gəzirdi. Onu daha da ümidləndirməyə çalışır, şəxsən tanıdığım, xərçəng olub sağalan adamları misal çəkirdim.

Rafiq həyatı və fəaliyyətiylə demokratik hərəkatda və mediada, jurnalistikada parlaq və silinməz iz buraxan azsaylı adamlardan biridir – istedadlı, əqidəli, təmiz, ləkəsiz. Müqayisə üçün deyim ki, görün Hərəkatda, demokratik düşərgədə olan nə qədər çox istedadlı adam, parlaq qələm sahibi sonradan susdu, – susmaq təqdirəlayiq olmasa da, cinayət deyil, – amma nəinki susdu, adını hakimiyyətə xidmətlə, yalan-palan, şər- böhtan yazmaqla buladı? Kimisi mənzilə, kimisi yaxşı maaşlı işə, kimisi xəstələnəndə bahalı müalicə almağa görə. İndi buna “Nekroloqunu korladı” deyirlər. Acı kinayəli, amma çox dəqiq deyilmiş sözlər, deyim..

Rafiq isə dəhşətli xəstəliklə üzləşəndən sonra da qorxmadı, əyilmədi, əl-ayağa düşüb hakimiyyətdən kömək istəmədi, payına düşən ömrü yalnız ləyaqətlə yox, mətin, əqidəli bir demokrat qüruruyla yaşadı. Çoxdurmu belə qorxmaz və kristal, qürurlu adamlar?

Allah rəhmət eləsin, əziz dost! Ruhun şad olsun!

SÖZARDI. Dəyərli dostlar! Postu oxuyub əsəbiləşsəz, qəzəblənsəniz də, hirs, qəzəb işarələri qoymayın, pls. Qəzəbiniz mənə deyil ki? Qəzəbiniz zülm edənlərə, dəstək olanlara, cinayət törədənlərə, bizi susdurmaq istəyənlərə, yalan danışanlaradırsa, posta dəstək verin. Qəzəb işarələri yazılanın ziyanınadır.

Çingiz Sultansoy