“Rusiya-Ukrayna müharibəsinin hazırkı mənzərəsinə baxdıqda ortaya çıxan əsas nəticə budur: müharibə həlledici dönüş nöqtəsindən çox uzaqdır”.
Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib:

“Bu da cəbhədəki nisbi tarazlıq, dərinlikdə qarşılıqlı zərbələrin intensivləşməsi, hərbi sənayenin genişlənməsi və tərəflərin siyasi məqsədlərindən geri çəkilməməsi münaqişənin daha uzunmüddətli xarakter alacağını göstərir. 2026-cı ilin yayında vəziyyətin əsas paradoksu bundan ibarətdir ki, həm Rusiya, həm də Ukrayna bir-birinə qarşılıqlı formada ciddi zərər vurmaqdadır. Tərəflərdən heç biri bu imkanını strateji qələbəyə çevirə bilmir.
Ukrayna uzunmənzilli dronlarla müharibənin gedişatından yeni reallıq yaratsa da, bu müharibənin taleyini həll edəcək səviyyədə deyil. Dərinlikdə zərbələrin artması Rusiyaya ciddi iqtisadi və logistika təzyiqi yaradasa da, bu, Kremlin siyasi iradəsini sındırmır.
Rusiya da öz növbəsində ballistik raketlərindən və dronlardan istifadə etsə də strateji üstünlük əldə edib müharibənin gedişatını öz xeyrinə dəyişə bilmir.
Kiyev yalnız ABŞ-nin aktiv dəstəyi ilə Moskvanın hücumları qarşısında uzun müddət tab gətirə və ciddi dönüş yarada bilər. Lakin hazırkı vəziyyətdə ABŞ-nin diqqətinin Yaxın Şərqdəki müharibəyə yönəldiyindən Kiyevə bu dəstəyi verə bilmir. Tramp bunu iyulun 28-də Zelenski ilə görüşündə də açıq etiraf edib.
NATO ölkələri də 2026-cı il üçün Ukraynaya böyük həcmdə hərbi yardım öhdəliyi götürüblər. Lakin yardımın həcmi ilə onun döyüş meydanına lazımi sürətlə çatdırılması arasında fərq qalır. Ona görə də indi əsas strategiya və taktika kimin daha uzun müddət davam gətirə bilməsidir”.
Şəbnəm










