Rusiyada prezident seçkiləri yaxınlaşdıqca Ukrayna ölkəyə qarşı PUA hücumlarını artırır. Rusiyanın neft nəhəngi “Rosneft”in Moskva yaxınlığındakı obyektini vuran Ukrayna Rusiya iqtisadiyyatının qəlbi olan neft hasilatını hədəfləyir.
Gununsesi.info xəbər verir ki, Ukrayna bu gün səhər saatlarında Rusiyadakı bir çox hədəfə, xüsusilə neft emalı zavodlarına PUA hücumu həyata keçirib.
Son zamanlar Rusiyaya qarşı PUA hücumlarını gücləndirən və xüsusilə kritik infrastruktur və hərbi obyektləri hədəf alan Ukrayna Moskvadan 180 kilometr uzaqlıqda yerləşən “Rosneft”in Ryazan neft obyektini vurub. Hücum nəticəsində Rusiyanın 7-ci ən böyük neft emalı zavodu olan obyektdə yanğın baş verib.
Ryazan qubernatoru Pavel Malkov yanğının söndürüldüyünü, insident nəticəsində xəsarət alanların olmadığını, obyektə dəyən ziyanın müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.
Rostovda PUA-nın hücumundan sonra neft obyektindəki fəaliyyətlər dayandırılıb.
Ukrayna dünən “Lukoyl” neft emalı zavoduna hücum edib və müəssisəyə böyük ziyan vurub.
Rusiya mətbuatı Ukraynadan göndərilən təxminən 60 PUA-nın bir neçə saat ərzində məhv edildiyini bildirib.
Belqorod bölgəsində vurulan İHA-nın parçaları təbii qaz xəttini zədələyib və bəzi şəhərlərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Prezident Vladimir Putin bugünkü çıxışında Ukraynanın son hücumlarla martın 15-17-də keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə çalışdığını bildirib.
Rusiya son vaxtlar ölkə iqtisadiyyatı üçün kritik əhəmiyyət kəsb edən neft obyektlərinin ətrafında təhlükəsizliyi gücləndirib.
Gununsesi.info