Səfirlikdən Dmanisidəki kütləvi dava ilə bağlı BƏYANAT

  • By admin
  • 18 May 2021 11:59

Azərbaycanın Gürcüstandakı Səfirliyi ötən gün Dmanisi şəhərində baş vermiş kütləvi dava ilə bağlı bəyanat yayıb.

Gununsesi.info xəbər verir ki, səfirliyin feysbuk səhifəsində yayımlanan bəyanatda bildirilir:

“16 may 2021-ci il tarixində Dmanisi şəhərində yerləşən azərbaycanlılara məxsus “Ömər” marketə edilən kütləvi basqın və onun ətrafında yaranan toqquşma hadisəsinə dair Səfirlik tərəfindən dərhal reaksiya göstərilib. Səfirliyin əməkdaşları hadisə yerinə baş çəkib, vəziyyətlə tanış olub və Gürcüstan hüquq-mühafizə orqanlarının, eləcə də yerli hakimiyyətin nümayəndələri ilə əlaqə yaradıblar. Baş vermiş insidentlə bağlı Gürcüstan qanunvericiliyi çərçivəsində zəruri tədbirlər görülməkdədir.

Məsələ ilə əlaqədar xüsusilə vurğulanmalıdır ki, qeyd olunan xoşagəlməz hadisəyə siyasi don geyindirmək, onu etnik zəmində qarşıdurma kimi qələmə vermək strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan – Gürcüstan münasibətlərinin ruhuna uyğun gəlmir. Səfirlik soydaşları hər hansı təxribatlara uymamağa, siyasi yetkinliyi və məsuliyyəti nümayiş etdirməyə çağırır.

Baş verən insidentə sırf hüquqi müstəvidə qiymət verilməli və təqsirkar bilinən şəxslər fərdi qaydada Gürcüstan qanunvericiliyinə əsasən cəzalarını almalıdırlar. Bu xoşagəlməz hadisənin hər hansı mənfi fəsadlarının qarşısını almaq məqsədilə, Səfirlik tərəfindən Gürcüstanın aidiyyəti qurumları ilə daimi təmaslar davam etdiriləcəkdir.

Əziz soydaşlar,

Siz həmişə Azərbaycan – Gürcüstan dostluğunun  əyani təzahürü olmusunuz. Səfirlik sizin bu önəmli missiyanızın öhdəsindən gəlməyinə hər zaman dayaq olmağa hazır və sizin müdrikliyinizə əmin olduğunu bildirmək istəyir”.

Gununsesi.info