Azərbaycanın sabiq xarici işlər naziri Vilayət Quliyev bu günlərdə vəfat edən məşhur diplomat Ramiz Abutalıbov haqqında yazıb.
Gununsesi.info sabiq nazirin “RAMIZ ABUTALIBOV HAQQINDA SÖZ: CƏSUR ADAM” başlıqlı yazısını təqdim edir:
İnsanların hər şeyə marağının itdiyi, dəyərlərin devalivasiyaya uğradığı indiki dövrdə tanınmış diplomat, ictimai xadim, maarifçi Ramiz Abutalıbovun artıq bizə uzaq, yad görünən Moskvada vəfatı onun sadəcə adını eşidənlərdən tutmuş fəaliyyəti ilə az-çox tanış olanlara qədər heç kimi laqeyd buraxmadı.
Bu itki Azərbaycanı sevən, milli-mənəvi dəyərlərə önəm verən hər kəsi təəssüfləndirdi, göynətdi. Həyat bir daha göstərdi ki, cəmiyyət, xüsusən də gənclər bəzən düşündüyümüz qədər amorf kütlə deyil. Təmənnasız, səmimi, ən başlıcası isə iddialardan uzaq olan xidmət və fəaliyyət heç vaxt xalqın gözündən yayınmır.
Ramiz müəllimin həyatının azı 60 ili belə xidmətdə keçmişdi. Həm də bunu diqqəti personasına yönəltmədən, özünüreklam fikrinə düşmədən, adı və fəaliyyəti ətrafında təbliğat şousu qurmadan, cəmiyyətə “Baxın, mən ölkə üçün, xalq üçün necə vacib işlər görürəm!” mesaji vermədən gündəlik vəzifə borcu kimi, görməyə borclu olduğu iş kimi etmişdi.
Hələ 1990-cı illərdə gündəlik mətbuatı izləyən, ədəbi-ictimai mühitlə müəyyən təmas və əlaqələrə malik olan bir gənc elmi işçi kimi Ramiz Abutalıbovun adını eşitmişdim. Xüsusən Parisdə, YUNESKO-nun mənzil-qərargahında çalışdığı dövrdə həm xalqımızı və mədəniyyətimizi beynəlxalq miqyasda tanıtmaq, həm də Azərbaycan ədəbi-siyasi mühacirətinin həyatdakı son münayəndələri ilə əlaqələr qurmaq istiqamətində gördüyü cəsarətli işlərdən az-çox xəbərim vardı. Sonradan iş elə gətirdi ki, bir yerdə çalışdıq, xarici səfərlərdə olduq, dostlaşdıq.
“Cəsarətli” deyirəm və bunu xüsusi vurğulayıram. Çünki sovet rejimi şəraitində beynəlxalq təşkilatlarda işləmək tək-tük azərbaycanlıya nəsib olan xoşbəxtlik idi. O da ola adından da nəciblik, elitarlıq yağan YUNESKO! Parisdə yaşayırsan, maraqlı insanlarla təmasda olursan, yüksək maaş alırsan, milyonlarla həmvətəninin içində vurnuxduğu bozluğun, puçluğun fövqünə yüksəlirsən! Bir sözlə, başqa planetin sakininə çevrilirsən! “Ağıllı adamlar” bəxtlərinə düşən belə imkanı göz-bəbəyi kimi qoruyurdular. Yazılmış qaydalardan, qarşılarına qoyulan tələblərdən bir millimetr kənara çıxmağı təsəvvürlərinə də gətirmirdilər.
Sovet rejiminin düşməni Əlimərdan bəy Topçubaşovun, mövcudluğundan az adamın xəbərdar olduğu Azərbaycan Cümhuriyyətinin nümayəndəsi Ceyhun bəy Hacıbəylinin, neft milyonçusunun nəvəsi, Cümhuriyyət nazirinin qızı Ümbülbanunun xətrinə Paris həyatını, taleyə yazılası günləri risk altında qoymağa, itirməyə dəyərdimi? Həm də bilə-bilə ki, qeyri-rus millətin nümayəndəsisən və sənə qarşı üç qat, beş qat tələbkarlıq, prinsipiallıq nümayiş etdirilir!
Amma Ramiz müəllim qorxub çəkinməmişdi. Ürəyinin diqtəsi ilə hərəkət etmişdi. Beş günlük rahat həyat üçün xalqının tarixini, mədəniyyətini görməzdən gəlməmişdi. Özünü tipik sovet məmuru kimi deyil, milli ruhlu, təəssübkeş Azərbaycan ziyalısı kimi aparmağı bacarmışdı. “Mən nə edə bilərdim?”-bəraəti ilə yaxasını kənara çəkməyin deyil, nəyi və necə etməyin nümunəsini ortaya qoymuşdu. Yaxın tarixi keçmişimizdə milli fədakarlıq səviyyəsinə yüksələn belə nümunələr azdır, bəlkə də yoxdur…
Allah rəhmət eləsin!
Vilayət Quliyev