Senat sədrinin fəlsəfəsi: RESPUBLİKAÇILIQ YOXSA ŞOVİNİZM?!

  • By admin
  • 23 Aprel 2021 19:05

Fransa mətbuatının verdiyi xəbərlərə görə, bu gün Fransa Senatının sədri Jerar Larşenin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana rəsmi səfərə yola düşür. Senatın xarici əlaqələr, müdafiə və silahlı qüvvələr komissiyasının sədri, fraksiya rəhbərləri və Ermənistan-Fransa dostluq qrupu rəhbərinin də qatıldığı geniş tərkibli nümayəndə heyəti 3 gün ərzində Ermənistanda olacaq, qondarma “erməni soyqırımının” ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcək.

 

Səfər ərəfəsində Fransanın “Ermənistan xəbərləri”nə verdiyi müsahibəsində Senatın sədri Jerar Larşe “…ermənilər üçün belə bir ağrılı-acılı zamanda səfər etmək Fransanın Ermənistanla həmrəyliyini nümayiş etdirmək məqsədi daşıdığını“ bildirib. Senat sədri deyib ki, ölkəsində nə qədər siyasi baxış müxtəlifliyi hökm sürsə də bütövlükdə Fransa ermənilərin yanında dayanır.

 

Jerar Larşe hələ 2001-ci ildə Senat tərəfindən “erməni soyqırımının” tanınmasını xatırladıb və bunu “erməni əsilli fransızların bütün çətinliklərə baxmayaraq fransız cəmiyyətinə uğurla inteqrasiya olunmasına və töhfələr verməsinə layiqli cavab” kimi dəyərləndirib. Keçən ilin 25 noyabrında Fransa hökümətinə “Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını” təklif edən qətnaməni xatırladan sədr vurğulayıb ki, bu addım Ermənistanın etibarını doğrultmaq üçün atılıb və ATƏT, Aİ və digər beynəlxalq təşkilatların seyrçi mövqe tutması Fransa senatorlarının demək olar ki, yekdilliklə bu qətnaməni dəstəkləməsinə səbəb olub. Senat sədri  Jerar Larşe Azərbyacanda saxlanan “hərbi əsirlərin” dərhal qeyd-şərtsiz qaytarılmasını və azad olunmuş ərazilərdə “erməni tarixi-mədəni irsinin məhv edilməsinə” son qoyulmasını da tələb etdiklərini bildirib.

 

Bir sözlə, Fransa Senatının sədri 30 illik işğaldan sonra azad olunmuş ərazilərdə özlərinin təkzibedilməz vəhşilik izlərini və dəlil-sübutlarını  qoymuş erməni vandalizmini unudaraq, dünyada multikulturalizm  nümunəsi kimi qəbul edilən Azərbaycana guya erməni mədəni irsini məhv etməsi ilə bağlı  böhtan atmaqla erməni riyakarlığına şərik çıxıb. BMT Təhlükəsizlik Şurasının 5 üzvündən biri olan Fransanın  dövlət rəhbərliyində səlahiyyət etibarilə ikinci şəxs olan Jerar Larşe BMT Nizamnaməsində nəzərdə tutulan dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərini, eləcə də öz dövlətinin də səs verməsi ilə qəbul olunmuş BMT TŞ-nın 4 məlum Qətnaməsini unudub. Jerar Larşe Fransanın TŞ üzvü kimi BMT Qətnamələrinin yerinə yetirilməsi üçün məsuliyyət daşıdığını, eləcə də Fransanın ATƏT-in Mİnsk Qrupunda həmsədr olduğunu və münaqişənin həlli üçün heç bir addım atmadığını da unudub.  Görünür, onun üçün gələcək seçkilərdə erməni loyallığını əldə etmək erməni təcavüzü nəticəsində öz torpaqlarından silah gücünə qovulmuş və 30 il ərzində ən adi insan hüquqlarından məhrum olunmuş 1 milyon qaçqın və köçkünlərin taleyindən daha önəmlidir.

 

Senat sədrinin Həmsədrlik institutunun tərəfsizliyə və qərəzsizliyə əsaslandığını bilməməsi də təəccüb və təəssüf doğurur. Münaqişənin həlli prosesinə həmsədrlik edən bir dövlətin ali rəhbərliyinin beynəlxalq qanunlara məhəl qoymadan, saxta və yalan bəhanələr əsasında münaqişə tərəflərindən birinin işğalçılıq hərəkətlərini açıq-aşkar dəstəkləməsi siyasi əxlaqa ziddir. Bunu beynəlxalq hüquq, beynəlxalq münasibətlər və konfliktologiya sahəsində çalışan bütün mütəxəssislər təsdiq edə bilər. Fransa isə hələ 20 il öncə münaqişə tərəflərinə münasibətdə tərəfsiz mövqe tutacağına söz verərək təkidlə əldə etdiyi həmsədrlik vəzifəsindən imtina etməyi özünə rəva bilmir. Əksinə, həmsədrlik missiyasının və onunla bərabər bölgədəki münaqişənin uzadılmasına və daimi olaraq bütövlükdə Cənubi Qafqaz bölgəsini özündən asılı vəziyyətdə saxlamağa çalışır. Bütün bunları beynəlxalq ictimaiyyətlə bərabər ölkəmizdəki gözü bağlı, vicdanı susqun “Avropa heyranları”nın da dərk etməsi  və anlaması müstəqilliyimizin qorunması baxımından zəruridir.

 

Senat sədrinin daha maraqlı fikirləri müsahibənin sonunda yer alıb. İnteqrasiya modelləri haqqında sual verən jurnalistin anqlo-sakson inteqrasiya modeli ilə müqayisədə  fransızsayağı inteqrasiya modelinə şübhəli yanaşmaların olması haqqında sualına cavab verərkən Senat sədri  belə deyib:

 

“Bizim respublikaçılıq modeli anqlo-saksonların cəmiyyətdaxili rəqabət mühitində icmaları qarşıdurmaya sövq edən multikulturalist modelindən qətiyyətlə qorunmalıdır”.

 

Özünün bu kimi fəlsəfi iddiaları ilə senat sədri öz təsəvvüründə olan respublikaçılıq modelinin mahiyyətini  multikulturalizmə qarşı qoyub və fikrini belə əsaslandırıb:

 

“Milli (dövləti) cəmiyyətə, yəni Fransaya mənsubluğun olmaması cəmiyyətin bəzi üzvlərini öz yaddaşına, özünün coğrafi, etnik, seksual və ya dini identikliyinə müraciət etməyə sövq edir. Beləliklə, … bu gün çoxluğun iradəsi yox, həmin adamların təşkil etdiyi icmalar şəklində azlığın təhdidi baş verir. Bu vəziyyət öz həyat tərzini və identikliyini gələcəyə ötürmək istəyən fransızları qorxudur…”.

 

Senat sədri dolayısı ilə onu iddia edib ki, onun təsəvvür etdiyi respublikaçılıq modelində özünün coğrafi, etnik, seksual və ya dini identikliyini qoruyub saxlamaq istəyən cəmiyyət üzvləri assimilyasiya olunmalıdır. Bu isə siyasi ədəbiyyatda “respublikaçılıq” yox, “şovinizm” adlanır.

 

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Gununsesi.info