Şuşada birinci Beynəlxalq Kulinariya Festivalından ən yaxşı anlar - FOTOLAR

  • By admin
  • 06 May 2022 19:05

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru, Prezidentin köməkçisi Anar Ələkbərov, Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, görkəmli ictimai xadimlər, mədəniyyət və elm nümayəndələri, xarici qonaqlar iştirak edirlər.

Mayın 5-dən 8-dək keçiriləcək festivalda, həmçinin, Türkiyə, Rusiya, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak edir.

Festivalın çoxsaylı qonaqları müxtəlif ölkələrin milli mətbəxləri ilə tanış ola, peşəkar aşpazların ustad dərslərində iştirak edə, şərab, pendir və digər məhsulların dequstasiyası zonasına baş çəkə, tamaşa, konsert və digər tədbirləri izləyə bilərlər. Bədii proqramda 100-dən çox sənətkarın iştirakı nəzərdə tutulur.

Azərbaycanın müxtəlif iqtisadi rayonları, Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala rayonlarının təqdim olunduğu pavilyonlar xüsusi maraq oyadır.

Festival zamanı həm dünya xalqlarının yeməkləri, həm də müxtəlif ölkələrin maddi və mənəvi dəyərləri təqdim olunur. Bu konsepsiyaya uyğun olaraq festivalda quraşdırılan pavilyonlar ölkələrə xas olan memarlıq xüsusiyyətləri nəzərə alınmaqla inşa edilib. Hər bir pavilyon qonaqları milli musiqi ilə qarşılayır, məşhur əsərlərdən parçalar nümayiş etdirilir.

Tədbir günlərində “Azərxalça” MMC-nin yaradıcı kollektivi xalçaçılıq ənənələri barədə interaktiv təqdimatlar keçirir.

Festivalda, həmçinin, Heydər Əliyev Fondunun kulinariya nəşrləri təqdim olunub.

Gununsesi.info