Təhsil sistemində məmurlar niyə həddən artıq cavanlaşdırıldı?

Ey gənclər, qocanı dinləyin, o qocanı ki, gəncliyində qocalar onu dinləyirdilər

Avqust Oktavian

Bu ərəfədə təhsil sistemimizin ağsaqqallarından olan, professor Şahlar Əsgərovun təhsilimizin real durumunu əks etdirən kiçik həcmli, dərin mənalı yazısı dərc edilmişdir. Biz bu proqram xarakterli yazını- “təhsil tezisləri”nin bir hissəsinin təhlilinə aid dünən məqalə yazmışdırq: “Kəskin təhsil tezisləri” adlanan məqalədə 4 tezisi təhlil etmiş, konkret təkliflər vermişdik. Təbii ki, təhsil məmurları nə bu yazılara, nə tezislərə əhəmiyyət verməyəcək, çünki, məqsədləri təhsili inkişaf etdirmək deyil, baxmayaraq ki, sözdə “nailiyyətin təməlində səhvlərdən nəticə çıxarmaq durur”. (E. Əmrullayev) kimi fəlsəfi fikir bildirməyi də unutmurlar. Görüntü üçün hərdən belə fəlsəfi sözlər demək lazımdır, əsas odur ki, bu sözlərə əməl edilməsin, səhvlər silsiləsi davam etsin.
Mətbuatda zaman –zaman professorlar Şahlar Əsgərov, Səlahəddin Xəlilov, Telman Cəfərov, Ceyhun Məmmədov, Etibar Əliyev və digər təhsil mütəxəssislərinin bu mövzuda dəyərli məqalə və tövsiyyələri dərc edilsə də, ETN inadkarlıqla üz tutduğu dalanda sürətlə “irəliləyir”, geri dönmək də heç istəmir. Səhvlərdən niyə nəticə çıxarmırsınız, yoxsa nailiyyət lazım deyil? Prinsipiallıq yaxşı xüsusiyyətdir, əgər milli maraqlara xidmət edərsə.
Gənc menecerlər hələ də bilmirlər ki, bu ahıl yaşlı alimlər gənc yaşlarından elm və təhsil sahəsində külüng döyürlər, öz sahələrində cavan yaşlarında uğurlar qazanmışlar, onları eşitmək ümumi işə yalnız fayda verə bilərdi. Burada qədim Roma imperatoru və dövlət xadimi Avqust Oktavianın bu fikri yada düşür: “Ey gənclər, qocanı dinləyin, o qocanı ki, gəncliyində qocalar onu dinləyirdilər” (Avqust Oktavian).

Prof. Şahlar Əsgərovun məqaləsində verilən tezisləri bir daha təkrar edib (bunlar icrası təcili və zəruri təkliflərdir, əgər peşəkarlıq və məsuliyyət varsa), daha sonra 5-ci tezisə dair fikirlərimizi təqdim edəcəyik.

Prof. Şahlar Əsgərovun tezisləri:

1. Təhsil sistemində qərar verənlər arasında pedaqoqlar deyil, daha çox iqtisadçılar və hüquqşünaslar üstünlük təşkil edir.
2. pedaqoqlar təbiətən ictimai mənafe daşıyıcılarıdır, iqtisadçılar və hüquqşünaslar isə şəxsi; burdan da çox qüsurlar törəyir”.
3. Hər doğulan uşaq dahidir və təhsil sistemi bu uşağın daxili potensialını üzə çıxarmağı bacarmalıdır
4. “Digər bir vacib məqam isə milli təhsilin nə fəlsəfəsinin, nə də paradiqmasının olmasıdır.
5. təhsil sistemində məmurlar lazım olandan artıq dərəcədə cavanlaşdırılıb
6. ağsaqqal, təcrübəli müəllimlər imkan düşdükcə hörmətsizləşdirilir.
7. hər doğulan uşaq dahidir və təhsil sistemi bu uşağın daxili potensialını üzə çıxarmağı bacarmalıdır”.
8. Təhsilin onurğa stunu ciddi zədələnibdir. Tez müalicə etmək lazımdır
9. Təhsil nazirliyi mütləq kollegial şəkildə idarə olunmalıdır. Çünki bu çox mürəkkəb sistemdir”.

Tezis 5: Təhsil sistemində məmurlar niyə həddən artıq cavanlaşdırıldı? (Prof. Şahlar Əsgərov)
Təhsil sistemində gəncləşmə siyasəti: inkişaf, yoxsa imitasiya? Əslində, gəncləşmə özlüyündə çox da pis siyasət deyil, bu dinamika, enerji, innovasiya gətirə bilər. Amma “həddən artıq gəncləşmə” həm də təcrübənin sıxışdırılması və balansın itməsidir. Ən yaxşı model “təcrübə + bilikli gənclik” modeli ola bilərdi. Təhsil sistemində məmurların həddən çox cavanlaşdırılmasının müsbət, həm də mənfi tərəfləri də ola bilər. Amma bizim reallıqda, təəssüf ki, bunun yalnız mənfi tərəfləri oldu.
Son 10 ilin təhsil təcrübəsi göstərdi ki, bu sistemdə kadr siyasətinin bilik və təcrübə yox, yaş, dostluq, şəxsi sədaqət, əcnəbi sertifikat v.s. prinsipləri əsasında olması nəticəsində təhsilimiz daha pis duruma düşdü. Gəlin bu məsələni təhlil edək. Təhsil sistemində məmurların əsasən gənc qeyri-peşəkarlardan ibarət olmasısının bir sıra mənfi təsirləri var:
1. Təcrübə çatışmazlığı. Gənc kadrlar təhsilin daxili mexanizmlərini, uzunmüddətli problemləri və tarixi kontekstini yaxşı dərk etmirlər. Ənənəvi sistemlərlə yeni yanaşmaların balansını qura bilmirlər. Əslində isə nə klassikanı, nə də müasir trendləri yaxşı bilmirlər.
2. Qərarların populistləşməsi. Cavan məmurlar çox vaxt tez nəticə göstərmək istədikləri üçün dərin elmi təhlildən çox “sürətli və effektli görünən” qərarlara üstünlük verirlər. Bu isə uzunmüddətli strateji inkişafın qarşısını alır. Son aylar universitetlərin QS reytinqində möcüzəli formada “irəliləməsi” buna misaldır.
3. İdarəetmə böhranı. Yaşlı və təcrübəli pedaqoqların fikirlərinə laqeyd yanaşmaq və ya onların elminə, təkliflərinə diqqət etməmək, “nəsillərarası ziddiyyət” yarada bilər. Bəlkə də 25 yaşdan yuxarı gənc məmurların arasında da oxuduğu mətni dərk etmək problemi var? Amma əsas məsələ mətni anlamaqda deyil, işə yanaşmadadır. Müəllimlər və təhsil ictimaiyyəti özlərini prosesdən kənarlaşdırılmış hiss edir, illər ərzində öyrəndiklərini gənc məmurlara ötürməkdə çətinlik çəkirlər. Niyə? Çünki, gənclər özlərindən çox razıdır, sanki, hər şeyi dərindən bilirlər. Amma real işlər tam əksini göstərir.
4. Lobbiçilik və təsirə açıqlıq. Gənclər çox vaxt təcrübəsiz olur, daha asan təsir altına düşə bilirlər. Bu, təhsil siyasətinə və proseslərinə müəyyən xarici və daxili qüvvələrin təsirini artıra bilər.
5. Özülsüz qərarlar təhsil fəlsəfəsinin itməsinə səbəb ola bilər. Yalnız “modern texnologiya, layihə, layihə” deyib, dərin elmi-fəlsəfi əsaslar nəzərə alınmır. Təhsil yalnız idarəetmə texnologiyası deyil, həm də milli kimliyin, dəyərlərin daşıyıcısıdır. Həm də, əgər gənclik modern texnologiyaların tərəfdarıdırsa, onda 12 ildə niyə ölkədə distant təhsil sistemini yaratmadılar? Hətta pandemiya da bunlara ibrət olmadı? Yəni, Monqolustanın, Cibutinin təhsil məmurları qədər də olmadılar?
6. Davamlılıq problemi. Hər 5-10 ildən bir gənc kadrların tez-tez dəyişdirilməsi siyasətdə sabitliyi poza bilər. Təhsil sistemində “uzunmüddətli kurs” əvəzinə “qısamüddətli kampaniyalar” dominant ola bilər.
Bəli, son illər Azərbaycan təhsilində müşahidə edilən- idarəçi vəzifələrə gənclərin gətirilməsi əvvəllər bizdə müəyyən ümidlər yaradırdı, ilk baxışda təqdirəlayiq görünürdü. Gənclər dinamika, enerji, yenilik deməkdir. Amma problemin dərinliyinə gedəndə ortaya başqa sual çıxır: bəs bu gənclərin təhsil sahəsində baza biliyi, iş təcrübəsi yoxdursa, onlar sistemə nə verə bilər?
Burada sistemli səhv var: komandada təhsil üzrə ixtisaslı kadrların azlığı, seçim prosesində peşəkarlığın deyil, şəxsi loyallığın üstün tutulması kimi səhv aydın görünür. Burada “gəncləşmə” ilə “peşəkarlığın” qarışdırılmasını görürük. Gənc peşəkar deyilsə, belə gəncləşmə yalnız tənəzzülə səbəb ola bilər. Gənc olmaq hələ avtomatik inkişaf demək deyil. İnkişaf bilik, təcrübə və vizionla gəlir.
Nəticədə təhsilə yad insanlar komanda halında idarəetməyə gəlir, tədrisi, müəllimin gündəlik problemlərini, şagirdin ehtiyaclarını anlamadan silsilə səhv qərarlar qəbul edərək, durumu daha ağırlaşdılar. Onların məktəblə əlaqəsi “Məktəblinin dostu” kimi “məktəbəyamaq” layihələrlə reallaşa bilər.
Belə olduqda təhsil pedaqoji proseslərin getdiyi məkan yox, daha çox hesabatlar, rəqəmlər və PR layihələrin predmetinə çevrilir. Belə yanaşma müəllimlərlə məmurlar arasında narazılıq yaradır. 10 illərlə pedaqoji təcrübəsi olan müəllim üçün gənc, bu sahədən xəbəri olmayan məmurun göstərişini qəbul etmək inandırıcı görünmür. Bu, təhsil ictimaiyyətində narazılıq, inamsızlıq və motivasiya itkisi yaradır.
Ən təhlükəlisi isə odur ki, təhsil fəlsəfəsi, təhsilin dəyərləri və ruhu ikinci plana keçir. Təhsil “hesabatlar” və “layihələr” məngənəsində sıxılır. Bu isə gələcək nəsillərin təlim-tərbiyəsinin keyfiyyətinə birbaşa təsir göstərir.
Çıxış yolu varmı? Əlbəttə var. Gəncləşmə özü-özlüyündə pis deyil. Amma bu elm və təcrübə ilə birləşmədikdə boş vitrinə çevrilir. Ona görə də çıxış yolu balansdadır. Bu məqsədlə:
1. Təcrübəli pedaqoqların təcrübəsindən faydalanmalı;
2. Kadr seçiminin şəxsi əlaqələrə deyil, bilik və bacarıqlara əsaslanmalı;
3. Gənc kadrların təcrübəli müəllimlərin yanında yetişdirilməli;
4. Təcrübəli təhsil mütəxəssislərinin bilgi və təkliflərindən faydalanmalı;
5. Milli təhsil fəlsəfəsinin formalaşdırılması.
Təhsildə gəncləşmə siyasəti kağız üzərində gözəl görünə bilər. Amma 30 il davamlı olaraq tənəzzülə gedən təhsil sistemini səriştəsiz gənclərə həvalə edilməsi, təhsili inkişafdan çox imitasiya yoluna aparır. Təhsil, sadəcə vitrin deyil. Təhsil ölkənin gələcəyidir. Əgər biz gəncliyi təhsilin mahiyyətindən xəbərsiz idarəçilərin əlinə buraxırıqsa, bu, artıq böyük bir risk və itkidir. Son illərin təcrübəsi bunu bir daha göstərdi.
Gəncləşmə yalnız o halda yaxşıdır ki, bilikli gənclik təcrübə ilə əl-ələ versin. Əks halda, təhsilimizn sabahı bu günkündən də pis olacaqdır.

İlham Əhmədov, dosent