Son günlər Dəmirçi–Lahıc avtomobil yolundan istifadə edən sürücülər ciddi çətinliklərlə üzləşirlər. Yolun bir neçə hissəsində baş verən torpaq sürüşmələri və digər səbəblər nəticəsində çatlar, qabarmalar və yarğanlar əmələ gəlib. Bəzi yerlərdə asfalt qatı və yol yatağı tamamilə sıradan çıxıb.
Gununsesi.info xəbər verir ki, sürücülərin sözlərinə görə, xüsusilə həftə sonları və gecə saatlarında bu yoldan istifadə etmək xeyli təhlükəlidir. Elə hallar olur ki, yolun qəzalı vəziyyətdə olmasına görə sürücülər geri qayıtmağa məcbur qalırlar.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli AZƏRTAC-a açıqlamasında bildirib ki, Dəmirçi–Lahıc avtomobil yolu sürüşmə zonasında yerləşir. Bu amil yolun vəziyyətinə də təsirsiz ötüşmür. Nəticədə bəzi hissələrdə asfalt örtükdə çatlar və dağılmalar müşahidə olunur. “Agentliyin əməkdaşları tərəfindən yol daim nəzarətdə saxlanılır və hərəkətə mane ola biləcək hallar baş verdikdə operativ müdaxilə edilir. Bununla yanaşı, yolun bəzi hissələrinin əsaslı bərpasına ehtiyac yaranıb. Bu istiqamətdə təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub və maliyyə vəsaitinin ayrılması gözlənilir. Vəsait ayrıldıqdan dərhal bərpa işlərinə başlanılacaq”, – deyə o əlavə edib.











