Tovuzda avtomobil mikroavtobusla toqquşub, ata ölüb, oğlu xəsarət alıb - YENİLƏNİB + FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyi Tovuzda baş verən qəzada xəsarət alanların xilas edilməsi əməliyyatının görüntülərini yayıb.

Qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Tovuz şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in ən yaxın xilasetmə qüvvələri – Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “QAZel” markalı mikroavtobus və “VAZ” markalı minik avtomobili toqquşub, üç nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində üç nəfər müxtəlif xəsarətlərlə zədələnmiş minik avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

09:06

Tovuz şəhərində bir nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qərb bürosunun məlumatına görə, VAZ-2107 markalı avtomobil şəhərlərarası xətt üzrə çalışan mikroavtobusla toqquşub.

Qəza nəticəsində 1976-cı il təvəllüdlü Alıyev Asif Mansır oğlu hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 2001-ci il təvəllüdlü Alıyev Mansır Asif oğlu və 1981-ci il təvəllüdlü İsgəndərov Bayram Mayıl oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.