Türkiyədə yarı-prezident idarəetmə formasına keçidlə bağlı iddialar gündəmdədir.
“Ekonomim” qəzetinin yaydığı məlumata görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) respublikanın yarı-prezident idarəetmə sisteminə keçməsi məsələsini müzakirə edir.
Məlumatda bildirilir ki, islahatların bir hissəsi kimi təkmandatlı seçki sisteminə keçid də təklif olunub.
Bu məsələ Türkiyə Demokratiya Fondunun nümayəndələrinin Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi son görüşdə gündəmə gətirilib. Rəsmi Ankara hələlik bu iddialara münasibət bildirməyib.
Gununsesi.info-nun xəbərinə görə, mövzu ilə bağlı danışan siyasi şərhçi Turan Rzayev bildirib ki, Türkiyənin yarı-prezident idarəetmə modelinə keçməsi dəyişən daxili və xarici şərtlər fonunda istisna edilə bilməz.
Onun sözlərinə görə, Türkiyə 2018-ci ildən prezident idarəetmə sistemi ilə fəaliyyət göstərsə də, ötən illər ərzində ölkənin siyasi və iqtisadi mənzərəsi əhəmiyyətli dərəcədə dəyişib.
“Ərdoğana qarşı ən çox səsləndirilən tənqidlər iqtisadiyyat, inflyasiya, türk lirəsinin dəyər itirməsi və sosial problemlərlə bağlıdır. Yarı-prezident modeli bu baxımdan siyasi məsuliyyətin bölüşdürülməsinə imkan yarada bilər”, – deyə o qeyd edib.
Şərhçi izah edib ki, yarı-prezident idarəetmə sistemində prezident xalq tərəfindən seçilərək güclü legitimliyə malik olur, hökumətin gündəlik fəaliyyətini isə parlament qarşısında məsuliyyət daşıyan baş nazir və Nazirlər Kabineti həyata keçirir.
Turan Rzayevin fikrincə, belə bir modelə keçid Prezident Ərdoğana bir neçə istiqamətdə siyasi üstünlük verə bilər. İlk növbədə, iqtisadi və sosial problemlərlə bağlı siyasi məsuliyyətin bir hissəsi hökumətin üzərinə keçə bilər.
Bundan başqa, təkmandatlı seçki sisteminin tətbiqi böyük partiyaların parlamentdə daha sabit çoxluq əldə etməsinə şərait yarada bilər ki, bu da AKP və müttəfiqlərinin qanunverici hakimiyyətdə mövqelərini gücləndirə bilər.
Şərhçinin qənaətinə görə, bu model həm də AKP-nin uzunmüddətli siyasi davamlılığını təmin etməyə hesablanmış mexanizm kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, prezident institutunun güclü saxlanılması ilə yanaşı, parlament və hökumət mexanizmlərinin yenidən formalaşdırılması hakim komandanın gələcək siyasi strategiyasının tərkib hissəsi ola bilər.
Orxan












