“Türkiyədə xalqın qalib gəldiyi qəbul olunmayınca bu böhran sona çatmayacaq”

“Adını belə bilmədiyimiz ölkələrdə inflyasiya göstəricisi bizdən daha yaxşıdır. Türkiyədə bir aylıq inflyasiya bəzi 100 ölkənin bir illik inflyasiyasından çoxdur”.

Gununsesi.info xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupunun sədri Özgür Özal partiyasının bugünkü qrup iclasında çıxışı zamanı deyib:

“Bunun səbəbi peşəkar və düzgün idarəçilik əvəzinə səriştəsiz kadrların önə çəkilməsi, həmçinin hakimiyyəti itirməmək naminə həyata keçirilən siyasi addımlardır.

30 il əvvəl verilmiş diplomu etibarsız sayanlar mənim mülkiyyət sənədimi necə tanıyacaq? Əsas müxalifət partiyasının hüquqlarının tanınmadığı bir ölkədə dövlətin verdiyi təminatın nə qədər keçərli olacağı sualı həmin ölkənin risk göstəricisinə çevrilir. Bu isə bahalı borclanma və iqtisadi çətinliklərin daha da dərinləşməsi deməkdir.

Məhkəmə qərarlarına hörmət etməyənləri, məğlub edə bilmədiklərini həbs etdirməyə çalışanları, sırf uduzmamaq üçün rəqiblərini siyasi mübarizədən uzaqlaşdıranları Türkiyə artıq geridə qoyub. Türkiyə belə bir ölkə deyil.

Türkiyədə xalqın qalib gəldiyi qəbul olunmayınca bu böhran sona çatmayacaq”.

 

 

Günay

Gununsesi.info