Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Ukraynadan ölkəmizə gətirilmiş 30 uşaqla bağlı reabilitasiya tədbirləri davam etdirilir.
Nazirlikdən Gununsesi.info-ya verilən xəbərə görə, reabilitasiya proqramı çərçivəsində uşaqlar üçün Qəbələ və Şəkiyə tur təşkil edilib.
Onlara Azərbaycanın zəngin mədəni-tarixi irsi və təbiəti ilə yaxından tanış olmaq imkanı yaradılıb.
Eləcə də uşaqlar bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixososial təlimlərə cəlb olunurlar.
Qeyd edilib ki, 10 günlük sosial reabilitasiya proqramı uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır.














