UNESCO-nun siyahısına salınmış Hirkan meşələri yanır, İran yardım istəyir

UNESCO-nun 2019-cu ildə Ümumdünya İrs Siyahısına daxil etdiyi qədim Hirkan meşələrində yanğın artıq üç həftədir davam edir.

İran rəsmiləri yanğının söndürülməsi üçün beynəlxalq yardım istəyib.

Yanğın oktyabrın 31-də Mazandaran vilayətinin Elit kəndi yaxınlığında başlayıb və hələ də tam olaraq nəzarət altına alına bilməyib. Dünyanın ən qədim və biomüxtəlifliyi zəngin ekosistemlərindən biri olan Hirkan meşələri hazırda ciddi təhlükə altındadır.

İran prezidentinin müavini Məhəmməd Cəfər Qaimpənah noyabrın 21-də X platformasında bildirib ki, “dost ölkələrdən tez bir zamanda yardım istəmək üçün hazırlıqlar görülüb”. O, konkret ölkələrin adlarını açıqlamayıb.

İranın Ətraf Mühit İdarəsinin rəhbəri Şina Ənsari isə daha sonra açıqlayıb ki, Türkiyə yanğınların söndürülməsinə dəstək üçün iki xüsusi su təyyarəsi, bir helikopter və səkkiz nəfərlik heyət göndərəcək. Ənsari əlavə edib ki, ehtiyac yaranarsa, İran Rusiyadan da yardım istəyə bilər.

Rəsmilərin sözlərinə görə, yanğın bir müddət əvvəl nəzarət altına alınsa da, ötən həftə yenidən alovlanıb və mübarizə davam edir.

Gununsesi.info