Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib.
Belə ki, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.
Gununsesi.info–ya danışan deputat Ceyhun Məmmədli qeyd edib ki, bu cür ağır və qəbuledilməz hadisənin məktəb mühitində baş verməsi artıq sadəcə fərdi hal deyil, cəmiyyət olaraq qarşılaşdığımız ciddi problemin göstəricisidir:

“Məktəb yalnız təhsil verilən yer deyil, həm də uşaqların davranışlarının, dəyərlərinin və münasibətlərinin formalaşdığı bir mühitdir. Bu mühitdə belə aqressiyanın ortaya çıxması xüsusi narahatlıq doğurur.
Valideynlərin, müəllimlərin və ümumilikdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Uşaqlarla düzgün ünsiyyət qurmaq, onların psixoloji vəziyyətini anlamaq, aqressiyanın səbəblərini vaxtında müəyyən etmək və qarşısını almaq son dərəcə vacibdir.
Bu cür hallar nə normallaşdırıla, nə də diqqətdən kənarda qala bilər. Uşaqlar arasında zorakılığın qarşısının alınması üçün təhsil müəssisələrində psixoloji dəstək mexanizmləri gücləndirilməli, maarifləndirmə işləri daha sistemli şəkildə aparılmalıdır.
Unutmamalıyıq ki, bu gün baş verən belə hadisələr sabah daha böyük fəsadlara yol aça bilər. Buna görə də hər birimiz bu məsələyə həssas yanaşmalı və cəmiyyət olaraq düzgün nəticələr çıxarmalıyıq”.
Şəbnəm












