Venesiya Komissiyası: Siyasi partiyalar qanunu ciddi narahatlıq doğurur

Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanın siyasi partiyalar haqqında yeni qanunu haqqında birgə rəy açıqlayıb.

Gununsesi.info – xəbər verir ki, sənəddə qanundan irəli gələn qüsurlar və “problemli müddəalar” təfsilatlı şəkildə şərh olunub.

Birgə rəydə yeni qanunda siyasi partiya üzvlərinin minimum sayının 1000 nəfərdən 5000 nəfərə qədər artırılması, artıq qeydiyyatdan keçmiş partiyaların təkrar qeydiyyatı, dövlət qeydiyyatı olmayan partiyaların fəaliyyətinə qadağan qoyulması kimi müddəalar, Ədliyyə Nazirliyinin siyasi partiyaların fəaliyyətinə aşırı müdaxiləsi tənqid olunur.

Bu da diqqətə çatdırılır ki, qanunda sözü gedən bu müddəaların beynəlxalq insan haqları konvensiyaları ilə uyğunsuzluğu narahatlıq doğurur.

Venesiya Komissiyası və DTİHB-nın birgə rəyində xatırladılır ki, birləşmə və ifadə azadlığı demokratik cəmiyyətlərin əsasını təşkil etməlidir və bu mənada siyasi partiyalara kollektiv siyasi ifadə vasitələri kimi baxılmalıdır.

 

Gununsesi.info