Xaricdə oxuyan gənclərin qayıdışı üçün yeni model: "Vahid kadr bankı yaradılsın"

  • Müəllif: Şəbnəm
  • 30 Sentyabr 2026 09:42

Azərbaycan gənclərinin xaricdə təhsil almağa marağı son illərdə diqqət çəkən məsələlərdən birinə çevrilib.

Müxtəlif ölkələrdə təhsil alan gənclər yeni biliklər və fərqli təcrübələr qazanaraq peşəkar inkişaf imkanlarını genişləndirirlər. Xaricdə əldə olunan bu təcrübənin sonradan Azərbaycanda tətbiqi isə həm gənclər, həm də ölkə üçün yeni imkanlar yarada bilər.

Bunun üçün onların təhsildən sonra ölkəyə qayıtmasına və burada fəaliyyət göstərməsinə uyğun şəraitin olması mühüm amillərdən biridir.

Bəs xaricdə təhsil alan Azərbaycan gənclərinin ölkəyə qayıtmasına və burada fəaliyyət göstərməsinə hansı amillər təsir edir?

Mövzu ilə Gununsesi.info-ya danışan fəlsəfə doktoru,  Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov qeyd edib ki, müasir qloballaşma, rəqəmsal transformasiya və Dördüncü Sənaye İnqilabı dövründə gənclərin təhsil ardınca xaricə üz tutması və təhsil miqrasiyası sadəcə fərdi karyera seçimi kimi dəyərləndirilə bilməz.

O, əlavə edib ki, bu proses inkişaf etməkdə olan ölkələrin intellektual genofonduna və strateji dayanıqlılığına birbaşa təsir göstərən milli təhlükəsizlik və insan kapitalı məsələsidir.

“Müasir dünyada gənclərin fərqli ölkələrə yönəlməsi, daxili əmək bazarındakı mövcud çağırışlar və fərdi inkişaf axtarışları ilə qlobal əmək bazarının təqdim etdiyi yüksək karyera və beynəlxalq nüfuzlu təhsil imkanlarının qarşılıqlı təsirindən qaynaqlanır. Lakin Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı konseptual çıxışında vurğulandığı kimi, müasir dövrdə investisiya təkcə infrastruktura və logistikaya deyil, birbaşa intellektual resurslara yönəlir. Bu kontekstdə, gənclərin xaricə axınını administrativ qadağalarla deyil, dövlət başçısının müəyyən etdiyi strateji trayektoriya əsasında daxili ekosistemi gücləndirməklə beyin dövriyyəsinə çevirmək və intellektual suverenliyi təmin etmək dövlətin ən ali strateji prioritetidir.

Azərbaycanın Cənubi Qafqazın qlobal bağlantı mərkəzinə çevrildiyi, kibertəhlükəsizlik, süni intellekt, rəqəmsal iqtisadiyyat və yaşıl enerji layihələrinin prioritet təşkil etdiyi müasir mərhələdə hazırlıqlı kadr potensialının formalaşdırılması dövlətin rəqabətədavamlılığının əsas sütunudur. Təhsil miqrasiyasının mənfi təsirlərini neytrallaşdıracaq və xaricdə təhsil almağa üz tutan milli istedadları ölkəyə cəlb edəcək ən fundamental addım təhsil və kadr hazırlığı sistemində statik təhsil modellərindən rəqəmsal iqtisadiyyatın çevik tələblərinə cavab verən modulyar təhsil sisteminə keçidin sürətləndirilməsidir. Bu baxımdan, əmək bazarı üçün kadr hazırlığının effektivliyini artırmaq məqsədilə universitetlərdə kurikulumlar dinamik şəkildə yenilənməli, fənlərarası inteqrasiya ön plana çəkilməlidir. Gənclərin daxili mühitdə öz potensiallarını tam reallaşdıra bilmələri üçün ali təhsil müəssisələri ilə yerli və beynəlxalq korporasiyalar arasında birbaşa ekosistem yaradılmalı, elmi ədəbiyyatda qəbul olunmuş universitet-sənaye-dövlət üçlü spiral modeli tam gücü ilə qurulmalıdır. İnvestisiya cəlb edən böyük şirkətlərin laboratoriyaları və araşdırma-inkişaf mərkəzləri universitetlərin daxilinə inteqrasiya olunmalı, müəssisələrin real ehtiyaclarına uyğun məqsədli, yüksək gəlirli kadr hazırlığı proqramları, eləcə də dual təhsil yanaşmaları və tətbiqi layihələr genişləndirilməlidir.

Rəqəmsal dövrdə biliklərin köhnəlmə sürəti kəskin şəkildə artdığı üçün təhsil yalnız universitet diplomu ilə məhdudlaşmamalı, əmək bazarında olan kadrların davamlı olaraq ixtisasartırma və yenidən ixtisaslaşma prosesi dövlət-özəl tərəfdaşlığı çərçivəsində stimullaşdırılmalıdır. Beynəlxalq səviyyədə tanınan peşəkar sertifikatların təhsil prosesinə inteqrasiyası və tələbələrə bu istiqamətdə qrant dəstəyinin verilməsi daxildə çevik və qlobal rəqabətədavamlı kadr bazası formalaşdıracaq, gənclərin uzaqlaşmaq ehtiyacını minimuma endirəcəkdir. Eyni zamanda, universitetlər yalnız hazır bilik ötürən subyektlər deyil, həm də bilik istehsal edən və onu kommersiyalaşdıran mərkəzlərə çevrilməli, elm tutumlu iqtisadiyyat və innovasiya ekosistemi gücləndirilməlidir. Startap ekosistemi təhsil müəssisələrinin nüvəsini təşkil etməli, kibertəhlükəsizlik və rəqəmsal bağlantı platformalarında tətbiqi elmi tədqiqatlara ayrılan daxili maliyyələşmə mexanizmləri optimallaşdırılmalıdır”,-deyə İlqar Orucov əlavə edib.

İlqar Orucov vurğulayıb ki, dövlət başçısının həyata keçirdiyi islahatlar, dövlət proqramları, azad edilmiş ərazilərdə tətbiq olunan “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları yüksək ixtisaslı gənc mütəxəssislər üçün nəhəng və cəlbedici bir daxili əmək bazarı formalaşdırır:

“Əgər Prezident İlham Əliyevin qeyd etdiyi coğrafi, geosiyasi və regional üstünlüklər ölkəmizin inkişafının texniki və infrastruktur tərəfidirsə, hazırlıqlı kadr potensialı da bu sistemin tərəqqisini təmin edəcək intellektual təminat hissəsidir. Dövlətlər gənclərin sadəcə mənəvi-psixoloji vətənpərvərlik hisslərinə güvənməli deyil, onların öz potensiallarını reallaşdıra biləcəkləri şəffaf, ədalətli, praqmatik və təhlükəsiz ekosistemi daxildə qurmağa məhkumdurlar. Azərbaycanı qlobal arenada rəqabətədavamlı etmək, insan kapitalını real iqtisadi dividendə çevirmək və beyin axını təhdidini tamamilə neytrallaşdırmaq üçün yeni nəsil insan kapitalı modelini tam gücü ilə işə salmaq zəruridir.

Təhsil miqrasiyasının ölkəmiz üçün danılmaz müsbət tərəfləri, xüsusən də beynəlxalq təcrübə və yüksək dünyagörüşün qazanılması baxımından böyük üstünlükləri vardır. Lakin əsas strateji hədəf bu istedadların təhsildən sonrakı seçimləri ilə bağlı imkanları daxildə genişləndirməkdir. Gəncləri ölkəmizə cəlb etmək, onlara ədalətli, rəqabətli və modern milli əmək bazarında özlərini tam reallaşdırmaq şəraiti yaratmaq vacibdir, əks halda yüksək ixtisaslı kadrların daxili mühitdə saxlanılması qeyri-mümkün olacaqdır. Bu məqsədlə, dünyanın top 150 reytinqli ali təhsil müəssisələrində oxumuş gənclərimizin vahid kadr bankı yaradılmalı, onların potensialından ölkəmizin inkişafında səmərəli istifadə etmək naminə konkret dövlət proqramları və mexanizmləri tətbiq olunmalıdır. Əminəm ki, yüksək təhsil almış, innovativ təfəkkürlü peşəkar kadrlar Azərbaycanın qlobal arenada ən inkişaf etmiş ölkələr sırasında yer almasında və strateji müstəqilliyimizin qorunmasında müstəsna rol oynayacaqlar”.

 

Şəbnəm Rəhimova

Gununsesi.info