Yasamalda “Heydər Əliyev ili” qeyd olundu

Azərbaycanda geniş şəkildə qeyd edilən “Heydər Əliyev ili” çərçivəsində bu gün Yasamal rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının təşkilatçılığı ilə təntənəli toplantı  keçirilib. İlk öncə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov,  Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, millət vəkilləri Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edib, onun əziz xatirəsini yad edib, gül dəstələri qoydular. Daha sonra isə Yasamal rayonunun ictimaiyyəti və şəhid ailələri Ulu Öndərin əziz xatirəsini yad etmək üçün Akademik Milli Dram Teatrında rəsmi tədbirdə bir araya gəldilər.

Teatrın foyesində Ümummilli Lider Heydər Əliyevin fəaliyyətini əks etdirən foto-sərgi nümayiş olundu.  Ümummilli Lider Heydər Əliyevlə 10 ilə yaxın çalışmış fotoqraf Rafiq Bağırovun təqdimatında foto sərgi böyük maraqla qarşılandı. Əsasən arxiv sənədlərdən ibarət bu fotolar Ulu Öndərin müxtəlif dövrlərdə Yasamal rayonuna səfərlərini əks etdirir.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ulu Öndərin fəaliyyətindən bəhs edən filmə baxış keçirildi.

Tdbirdə məruzə ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndərin həm birinci, həm də ikinci hakimiyyəti illərində Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışdı.

Daha sonra söz alan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Ulu Öndərin Azərbaycan tarixinin müxtəlif mərhələlərində qazandığı böyük nailiyyətlərdən bəhs etdi. Eldar Əzizov Bakı şəhərinin inkişafından danışaraq bu gün paytaxtımızın ən nümunəvi və təhlükəsiz şəhərlərdən biri olduğunu və bunun Ulu Öndərin əsasını qoyduğu, bu gün isə cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasət sayəsində mümkün olduğunu vurğuladı.

Bildirildi ki, bu gün Bakı ən təhlükəsiz və sabit inkişaf edən şəhərlərdən biridir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov 90-cı illərin əvvəlini xatırlatdı və o zamankı hərc-mərclik və xaosdan dövlətimizi Ulu Öndərin qurtardığını xüsusi qeyd etdi. Eldar Əzizov bu günkü inkişaf və sabitliyin Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində mümkün olduğunu bildiridi.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Elnur Allahverdiyev, şəhid anası Rahilə Ramazanova Heydər Əliyevin  idarəçilik bacarığı, iradəsi və yüksək vətənpərvərliyi sayəsində çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olunduğunu bildirdilər. Heydər Əliyevin tarixi Qurtuluş missiyası isə müstəqillik dövründə başladı.1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı məhv olmaqdan qurtardı. Çıxış edən natiqlər Ulu Öndərin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını bildirdilər.

Daha sonra bir qrup rayon fəalına ictimai-siyasi fəaliyyətlərinə görə fəxri fərmanlar təqdim edildi. Tədbir bədii hissə ilə başa çatdı.

 

 

 

Gununsesi.info