Ərdoğan çətin sınaq qarşısında…

  • By admin
  • 22 Dekabr 2021 10:38

Deputat: “Türkiyə çətin dövrünü yaşayır, lakin bu, o demək deyil ki, qardaş ölkədə hakimiyyət dəyişikliyi baş verəcək”

Politoloq: “Türkiyədə hakimiyyət dəyişikliyi ehtimalı çox yüksəkdir, hətta mümkündür ki, bu, qısa müddətdə baş versin”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dolların kəskin bahalaşması ilə bağlı hökumətin iclasını keçirib və bir neçə saat davam edən iclasdan sonra qəbul edilən mühüm qərarları açıqlayıb. Bəyan edib ki, dolların bahalaşmasının qarşısını almaq üçün müvəqqəti xarakter daşıyan bir sıra qərarlar qəbul edilib və həmin qərarlar növbəti günlərdə tətbiq ediləcək.

Qərarda göstərilir ki, lirə ilə yerləşdirilmiş depozitlərdən əldə edilən faiz gəlirləri dolların məzənnəsinin artması səviyyəsindən yuxarıda olsa, o zaman vətəndaş həmin faiz gəlirini alacaq. Əgər dolların məzənnəsinin artım faizi lirə ilə yerləşdirilmiş depozitlərin faiz gəlirlərini üstələsə, aradakı fərqi dövlət vətəndaşa ödəyəcək. Nəticədə banklarda lirə ilə depozit yerləşdirənlərin pullarının dəyərdən düşməsinin qarşısını almaq üçün onları dollarla əvəzləməsinə ehtiyac qalmayacaq.

Ərdoğan bildirib ki, Türkiyə əhalisində dəyəri 280 milyard dollar olan 5 min tona yaxın qızılın olduğu bəllidir və hökumət bu qızılın maliyyə sisteminə daxil edilərək iqtisadiyyata qazandırılması üçün yeni maliyyə alətləri üzərində işləməkdədir. Onun sözlərinə görə, əslində Türkiyədə dollar qıtlığı yox, dollar bolluğu var, vətəndaşların banklardakı dollar depozitlərinin ümumi məbləği yüzlərlə milyard dollardır.

Ardınca isə Türkiyə lideri dollar böhranı ilə bağlı növbəti çıxışını edib. Deyib ki, bəzi qüvvələr Türkiyədə bu yolla böhran yaratmağa və özlərinə yaxın qüvvələri iqtidara daşımağa çalışırlar.

Azərbaycan Milli Məclisinin üzvü, politoloq Arzu Nağıyev AYNA-ya açıqlamasında söyləyib ki, dünya gücləri hər vəchlə Türkiyəni zəiflətməyə çalışır: “Məlumdur ki, Türkiyə böyük inkişaf yolundadır və dünyanın aparıcı güc mərkəzlərindən birinə çevrilib. Regionda Türkiyənin rolu və iştirakı olmadan hər hansı layihənin uğur qazanması mümkün deyil. Təbii ki, qardaş dövlətin sürətlə güclənməsi bəzi qüvvələrdə ciddi təşviş yaradır. Xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğanın müstəqil xarici siyasət kursu bu narahatlığı daha da artırır. Məhz bu səbəbdən Türkiyəyə müxtəlif yollarla hücumlar həyata keçirilir ki, baş verən son hadisələr də bunun bariz nümunəsidir”.

Deputatın dediyinə görə, Türkiyədə hakimiyyət dəyişikliyinin baş verəcəyini düşünənlər yanılırlar: “Türkiyə kifayət qədər qüdrətli dövlətdir. İndiyə qədər tarixin müxtəlif sınaqlarından çıxıb və hər dəfə yenidən ayağa durmağı bacarıb. Ərdoğanın son çıxışı zamanı söylədiyi fikirlər və yürütdüyü qətiyyətli siyasət əminliklə söyləməyə əsas verir ki, Türkiyə bu böhranı da arxada qoyacaq. Təbii ki, baş verənlər arzuolunan deyil və qardaş dövlət üçün böyük iqtisadi itkilər deməkdir. Dövlət başçısının əhaliyə kompensasiya ödəniləcəyi ilə bağlı açıqlaması, nəzərdə tutulan iqtisadi proqramlar nikbin proqnozlar səsləndirməyə əsas verir”.

Nağıyev əlavə edib ki, Türkiyədə baş verən böhranı iqtisadi müstəvidən siyasi müstəviyə daşımaq mümkün deyil: “Beynəlxalq güclərin əsas planı ondan ibarətdir ki, iqtisadi sahədə Türkiyəni sarsıtmaqla siyasi təlatümlərə yol açsınlar və bununla da hakimiyyət dəyişikliyini həyata keçirsinlər. Lakin bu plan baş tutmayacaq”.

Siyasi şərhçi Şahin Cəfərli isə fərqli düşünür. O, AYNA-ya şərhində deyib ki, Türkiyədə vəziyyət kifayət qədər kritikdir: “Hesab edirəm ki, Türkiyədə baş verən son hadisələr ölkə daxilində ciddi narazılıqlara səbəb olub. Türk lirəsi sürətlə enməkdədir və hazırkı iqtisadi böhranı şərtləndirən əsas amildir. Sözsüz ki, baş verənlər siyasi proseslərə də təsirsiz ötüşmür. Təsadüfi deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunun qarşısını almaq üçün hökumətin müəyyən addımlar atacağını bəyan etdi. Bu sırada əhaliyə dəyən zərərin kompensasiya şəklində qaytarılacağı bildirilir. İndidən bu barədə danışmaq tezdir. Bütün hallarda vəziyyət gərgin olaraq qalmaqdadır”.

Politoloqun fikrincə, Türkiyədə hakimiyyət dəyişikliyi proqnozu çox yüksəkdir: “Ərdoğan iqtidarı uzun illik hakimiyyət dövrünün sonuna doğru irəliləyir. Türkiyədə hakimiyyət dəyişikliyinin yeganə yolu seçkilərdir. Növbəti seçkilər isə 2023-c ildə olacaq. Ehtimallar var ki, erkən seçkilərə gedilsin. Bu ehtimal da yüksəkdir”.

“Əhali arasında keçirilən sorğularda Ərdoğan komandası 40, narazı elektorat isə 60 faiz dəstək qazanır. Bu, artıq gələcək seçkilərin nəticələrinə dair mühakimə yürütmək üçün ciddi faktdır. Ya erkən, ya da 2023 seçkilərində, böyük ehtimalla, AKP iqtidarı məğlub olacaq”, – deyə Cəfərli fikrini yekunlaşdırıb.

Gununsesi.info