Qarabağın bərpası və keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı davam edir. Artıq 40 mindən çox keçmiş məcburi köçkün Qarabağa köçürülüb. Qarşıdakı dövrdə bu prosesin daha da genişlənməsi gözlənilir.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndidə çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, 2020-ci ildən sonra Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilib. Bu müddət ərzində 45-dən artıq yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin məskunlaşması üçün istifadəyə verilib.
Hazırda regionda həyatın bütün sahələrində canlanma müşahidə olunur. Təxminən 100 min mülki şəxs Qarabağda yaşayır, çalışır və təhsil alır.
Hikmət Hacıyev Qarabağda aparılan bərpa prosesini Azərbaycanın münaqişədən sonrakı yenidənqurma sahəsində formalaşdırdığı mühüm təcrübə kimi qiymətləndirib.
O bildirib ki, ölkənin əldə etdiyi bu təcrübə müharibə və münaqişələrdən zərər çəkmiş digər regionlar üçün də faydalı nümunə ola bilər.
Prezidentin köməkçisi, həmçinin şəhərsalma və yenidənqurma sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.
Onun fikrincə, müxtəlif ölkələrin təcrübə və bilik mübadiləsi aparması postmünaqişə ərazilərinin bərpasında mühüm rol oynayır.
Qarabağda həyata keçirilən layihələr nəticəsində yalnız yaşayış məntəqələrinin yenidən qurulması deyil, eyni zamanda insanların doğma torpaqlarına qayıdaraq burada yaşaması, işləməsi və təhsil alması üçün yeni imkanlar yaradılır.
Elmar








