Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) son aylarda baş verən proseslərin mərkəzində rəhbərlik dəyişikliyi və bunun ətrafında yaranan müzakirələr dayanır.
2026-cı ilin mayında təşkilatın növbəti qurultayına hazırlıq çərçivəsində sədr seçkiləri gündəmə gəldi və sədrlik uğrunda iki namizədin yarışacağı açıqlandı.
Bu proses bir sıra kino xadimləri arasında fikir ayrılığına da səbəb oldu.
Seçkilər ərəfəsində bəzi üzvlər və kino ictimaiyyətinin nümayəndələri təşkilati məsələlər, namizədlərin irəli sürülməsi və seçki prosedurları ilə bağlı narazılıqlarını ifadə etdilər.
Mətbuatda və sosial şəbəkələrdə bununla bağlı bəyanatlar yayıldı, seçkinin legitimliyi və təmsilçilik məsələləri ətrafında müzakirələr aparıldı.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) uzun illər boyunca ölkəmizin kino mühitinin mərkəzi institusiyası olub. Amma son aylar ictimaiyyətin diqqəti yalnız sədr postuna yönəlib. Hazırda əsas namizədlər Şəfiqə Məmmədova və Əli İsa Cabbarovdur. Bu, ilk baxışda sadə bir seçki kimi görünə bilər, amma əslində vəziyyət Azərbaycan kino ekosisteminin dərin problemlərini açıq şəkildə göstərir.
Ümumi götürsək, əslində, “Şəfiqə Məmmədova qalmalıdır” arqumenti tanış sima, tanış yanaşmaya xidmət edir. Bu, bir çox hallarda “təhlükəsizlik” hissi yaradır. Lakin kino dünyası yaradıcılıq və dinamika tələb edən bir sahədir. Uzun müddət eyni rəhbərliyə əsaslanan hər qurum kimi AKİ də risk alaraq yeni ideyaları və yeni rejissor nəsillərini dəstəkləməkdə çətinlik çəkir. Burada problem odur ki, “stabilitet” adı altında faktiki olaraq yaradıcı proses dondurulur, institusional yenilənmə isə geriyə itələnir.
Əli İsa Cabbarov əleyhinə mövqelər isə daha çox dəyişiklik qorxusudur.
Cabbarov uzun illər ittifaqın katibi olub və idarəetmədə təcrübəsi vardır. Buna baxmayaraq, bəzi yaşlı nəsil kino xadimləri onun seçilməsini istəmirlər. Bu, yalnız şəxsi münasibət məsələsi deyil, həm də köhnə sistemin özünü qoruma instinktidir. Hər hansı yenilik, yeni metod və ya idarəetmə yanaşması onların “tanış və rahat” dünyasını sarsıda bilər.
Məsələ təkcə kim qalacaq və kim getməyəcək deyil. Kino sahəsi texniki bacarıq və estetik zövq tələb etdiyi qədər, institusional dəstək, maliyyə və strateji planlaşdırma tələb edir.
AKİ-də sədr seçimi sadəcə şəxsi liderlərin qalibiyyəti ilə bağlı deyil. Bu seçki həm də Azərbaycan kino mühitinin strateji vizyon və institusional gücünü test edən bir məqamdır. “Şəfiqə qalsın” deyənlər sabitliyi qoruyur, amma yaradıcılıq və yenilənmə prosesini dondurur. Cabbarov əleyhinə çıxanlar isə dəyişiklik qorxusunu prioritet edir. Əsl məsələ isə fərdi loyallıqların arxasında qalan qlobal strateji planın olmamasıdır.
Kino yalnız tanınmış adlarla irəliləyə bilməz. Onun inkişafı üçün vizyon, institusional dəstək və gənc nəsil üçün şərait lazımdır. Əks halda, sabitlik adı altında vaxt itirilir, potensial boşa çıxır və kino mühiti qapalı qalır.
Elmar











