Bakı-Sumqayıt yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində qızı Zəhra Mehdiyevanı itirən tanınmış hüquqşünas Fərhad Mehdiyev övladı ilə bağlı yeni paylaşım edib.
Son 2 ildir ki, mən qızımın tərbiyəsinə ciddi qarışmırdım, reklam çəkib pul qazanırdı, hətta mənə “ata, bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi. Bir tərəfdən müstəqil, digər tərəfdən də doğru bir həyat yaşamasını istəyirdim. Mən onun həkim olmasını istəyirdim, tibbə hazırlığa getməkdə də bütün xərclərini qarşılayacağımı demişdim. Fikrini dəyişə bilmirdim, o da incəsənətdə oxumaqda israrlı idi.
Övladlarınız üzərində ciddi nəzarəti əldən verməyin. Sizə “pis ata”, lap “abyuser” desinlər; səbrlə uşaqlarınızı 23-25 yaşına qədər yönləndirməyə, nəzarət etməyə davam edin.
Həyatda ən böyük investisiya uşaqlarınızdır, o məsələdə udsanız, digər heç bir şeydə udmasanız belə, sizə qəm yoxdur. Övlad məsələsində uduzan valideynin isə, əslində, heç bir qazancı, təsəllisi yoxdur”, – o yazıb.












