Fizik və publisist Yalçın İslamzadə Azərbaycanda mütaliə mədəniyyətinin vəziyyəti, kitab oxuma vərdişləri və elmi-kütləvi ədəbiyyata münasibətlə bağlı fikirlərini bölüşüb.
Gununsesi.info xəbər verir ki, Yalçın İslamzadə bir neçə il əvvəl şəhərdə qarşılaşdığı hadisəni xatırlayaraq bir sıra nüansları qeyd edib.
Onun sözlərinə görə, bir qrup naşir-yazar tərəfindən kafedəki masaya dəvət olunub və orada xarici ölkənin səfirliyinin mədəniyyət attaşesi ilə görüş keçirilib.
“Bizimkilər böyük dövlətlərdən birinin səfirliyinin mədəniyyət attaşesini kitab tərcümə və nəşrinə qrant ayırmağa təşviq edirdilər. O isə qətiyyətlə deyirdi ki, ‘Biz Gürcüstanda və Ermənistanda belə layihələri dəstəkləyirik, açığı inanmıram ki, sizdə mütaliəyə ciddi həvəs olsun’”, – deyə İslamzadə bildirib.
O, həmin görüşü Azərbaycan üçün “xoş mənzərə” hesab etmədiyini qeyd edib:
“Bu hadisədən sonra bir neçə tanınmış şəxs və qurumla görüşüb elmi-kütləvi kitabların tərcüməsinin zəruriliyini izah edib dəstək vermələrini xahiş edəndə eyni laqeydliklə qarşılaşmışdım”.
İslamzadə cəmiyyətdə kitabların bahalığından şikayətlənildiyini, lakin digər əyləncə və xidmətlərə daha çox pul xərcləndiyini vurğulayıb.
“Ömürboyu təsiri olan bir məhsula, deyək ki, 15 manat verməyi çox görürlər. Kinoya, müğənniyə, lağlağı yazara, qərəzli quruma, meyxanaya, yemək məclisinə bundan qat-qat artıq vəsait xərcləməyə tərəddüd etmirlər”, – o yazıb.
Yalçın İslamzadənin fikrincə, mütaliəyə münasibətin dəyişməsi üçün əsas məsələ yalnız kitabxanaların fəaliyyət göstərməsi deyil, kitab oxumağın vərdişə çevrilməsidir.
“Əsas sual belədir ki, mütaliə vərdiş halına gəlməlidir. Əsasən məktəb və universitet müəllimləri mütaliə etməlidirlər ki, həqiqət axtarışını şagirdlərə və tələbələrə aşılaya bilsinlər”, – İslamzadə qeyd edib.
O, Türkiyənin Orta Doğu Texnik Universitetində (ODTÜ) tələbələr arasında kitab mübadiləsi və kitab müzakirələrinin geniş yayıldığını da xatırladıb.
“Tez-tez bir-birlərinə “Filan kitabı oxumusanmı?” sualı soruşulurdu. Müəllimlərlə tez-tez kitab müzakirələri aparılırdı. Senekanın kitabını Ahmet İnamın əlində, “Puslu Kıtalar Atlası”nı türkcə müəllimimin əlində gördükdən sonra oxumuşdum”, – deyə o bildirib.
İslamzadə Azərbaycanda “kitab” anlayışının əsasən şeir, romantik, detektiv və tarixi romanlarla məhdudlaşdığını düşünür.
Onun fikrincə, elmi-kütləvi ədəbiyyatın və dünyagörüşünü genişləndirən kitabların oxunmasına daha çox ehtiyac var.
İslamzadə mütaliənin əsas funksiyasının insanın dünyaya və özünə münasibətini dəyişmək olduğunu vurğulayıb.
“Mütaliə eqonun aşılmasına, zamanda və məkanda daha böyük bir aidiyyat hissinə, fərdin aid olduğu cəmiyyətə tənqidi baxmasına səbəb olur. Oxuyub-yazma mərhələli olaraq mifin yerini biliyin, ənənələrin yerini isə işləri məntiqə əsasən görmə vərdişinin yerləşməsinə səbəb olur”, – İslamzadə yazıb.
O hesab edir ki, mütaliə yalnız asudə vaxtın keçirilməsi vasitəsi kimi deyil, insanın düşüncə və dünyagörüşünün formalaşmasının əsas yollarından biri kimi qəbul edilməlidir.
Elmar












