İran Trampa cavab verdi: “Hörmüzü tvitlə ələ keçirmək olmaz!”

  • Müəllif: Orxan
  • 15 Avqust 2026 10:12

İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazem Qəribabadi Hörmüz boğazının açılıb-bağlanması ilə bağlı qərarı yalnız Tehranın verə biləcəyini bildirib.

Gununsesi.info xəbər verir ki, “Mehr” agentliyi Qəribabadinin ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını ABŞ ərazisi elan etmək niyyətinə dair açıqlamasına cavab verdiyini yazıb.

Tramp Nyu-York ştatının Qarden-Siti şəhərində keçirilən seçki tədbirində tərəfdarları qarşısında çıxış edərək, İranın məğlubiyyətindən sonra ABŞ-ın yaxın zamanda Hörmüz boğazını öz ərazisi elan edəcəyini bildirib.

Qəribabadi isə “X” sosial şəbəkəsində paylaşım edərək boğazın “nə tvitlə, nə aviadaşıyıcı ilə, nə əmrlə, nə də seçkiqabağı çıxışla ələ keçirilə bilməyəcəyini” deyib. O, İranın təhdidlərdən və güc nümayişindən qorxmadığını vurğulayıb.

İranlı diplomat başqa bir paylaşımında isə “Boğaz İranın olub, İranındır və İran olaraq qalacaq” ifadəsini işlədib.

Onun sözlərinə görə, Tehran Vaşinqton özünün “strateji və ağır məğlubiyyətlərini” qəbul edənədək su yolunun blokadasını davam etdirəcək.

Tərəflərin bu açıqlamaları ABŞ və İran arasında bir neçə aydır davam edən silahlı qarşıdurma fonunda səslənib.

Hörmüz boğazına nəzarət münaqişədə əsas gərginlik mənbələrindən biri olaraq qalır.

Gununsesi.info