Mədəniyyət Nazirliyində yeni təyinat olub

  • Müəllif: Orxan
  • 19 Avqust 2026 14:54

Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyinatı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Belə ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Hikmət Mövlud oğlu Mustafayev Aparat rəhbə.ri təyin edilib.

Bu vəzifəni indiyədək Mustafa Abbasbəyli yerinə yetirirdi. Adil Kərimlinin digər əmrinə əsasən, o, nazirin müşaviri vəzifəsinə təyin olunub.

Hikmət Mövlud oğlu Mustafayev 1971-ci ildə anadan olub. 1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) fərqlənmə diplomu ilə, 2006-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirib.

1997-ci ildən dövlət qulluğunda fəaliyyət göstərən H.Mustafayev daha əvvəl Dövlət Əmlak Komitəsində, İqtisadi İnkişaf Nazirliyində və Əmlak Məsələləri Dövlət Komitəsində müxtəlif məsul və rəhbər vəzifələrdə çalışıb.
Eyni zamanda COP29 Azərbaycan Əməliyyat Şirkətində Aparat rəhbəri kimi bu mötəbər beynəlxalq tədbirin təşkilati və inzibati idarəetmə proseslərində fəal iştirak edib.

Bu təyinatadək Heydər Əliyev Mərkəzi direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərən H.Mustafayev strateji planlaşdırma, institusional koordinasiya və təşkilati idarəetmə sahələrində geniş təcrübəyə malik mütəxəssis kimi tanınır.

Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Dövlət qulluğunun baş müşaviridir.

Gununsesi.info