Bakı… Səhər saatlarında bu şəhərdə küçəyə çıxanda ilk gördüyümüz mənzərələrdən biri uzun avtomobil sıralarıdır. Hamı harasa tələsir. Kimisi işə, kimisi universitetə, kimisi məktəbə gedir. İndi isə dərslərin başlaması ilə vəziyyət daha da gərginləşib. Üstəlik, Formula 1 yarışlarının keçirilməsi şəhərdə hərəkəti müəyyən qədər məhdudlaşdırır. Nəticədə isə küçələrdə sanki avtomobillər bir-birinə qarışır, yollar dolub-daşır. Bəzən bir neçə kilometrlik yolu getmək üçün saatlarla vaxt sərf etməli oluruq. Ən əsəbiləşdirici tərəfi isə odur ki, həmin vaxtı geri qaytarmaq mümkün deyil.
Bəs bu vəziyyətdən necə çıxmaq olar? Hər dəfə yeni yol salmaq və ya küçələri genişləndirmək həqiqətən problemin həllidirmi? Məncə, yox. Çünki yollar genişləndikcə avtomobillərin sayı da artır. Əslində, biz nəqliyyata yanaşmamızı dəyişməliyik.
Görünən odur ki, hazırda şəhər daxilində qısa məsafələr üçün velosiped və skuter çox yaxşı alternativdir. Təsəvvür edək ki, evimizdən məktəbə və ya universitetə 2-3 kilometr məsafə var. Bu məsafəni avtomobillə getmək üçün tıxacda qalmaq, park yeri axtarmaq və əsəbiləşmək əvəzinə velosipedlə rahat şəkildə getmək olar. Həm vaxtımıza qənaət edərik, həm də bir qədər fiziki aktivlik etmiş olarıq. Ən əsası isə yollarda bir avtomobilin də az olmasına səbəb olarıq.
Skuter də xüsusilə gənclər üçün rahat seçimdir. O, velosipeddən daha az fiziki güc tələb edir və şəhərdə qısa məsafələri sürətlə qət etməyə imkan verir. Lakin burada təhlükəsizlik məsələsini də unutmaq olmaz. Skuterlər və velosipedlər üçün xüsusi, təhlükəsiz zolaqlar yaradılmalıdır. İnsanlar avtomobillərin arasında qorxu içində hərəkət etməməlidir. Əgər velosiped və skuter istifadəsini artırmaq istəyiriksə, bunun üçün uyğun şəhər infrastrukturu da olmalıdır.
Digər mühüm vasitə isə ictimai nəqliyyatdır. Bakı metrosu və avtobuslardan daha çox istifadə etmək avtomobillərin sayını əhəmiyyətli dərəcədə azalda bilər. Məsələn, bir avtomobildə yalnız bir nəfərin getməsi əvəzinə həmin insan metroya minsə, yolda bir avtomobil azalır. Bunu minlərlə insan etsə, nəticəni təsəvvür etmək belə çətin deyil.
Əlbəttə, bütün məsafələri velosiped və ya skuterlə getmək mümkün deyil. Yağışlı hava, uzaq məsafələr, ağır yük və digər səbəblər buna mane ola bilər. Buna görə də məncə, ən düzgün seçim bir nəqliyyat vasitəsinə bağlanmaq deyil, onları bir-biri ilə düzgün birləşdirməkdir. Məsələn, insan evindən metroya qədər skuter və ya velosipedlə gedə, daha sonra metro ilə yoluna davam edə bilər. Beləliklə, həm rahat, həm sürətli, həm də daha ekoloji bir nəqliyyat sistemi yaranar.
Bakı bizim şəhərimizdir və onun necə görünəcəyi yalnız dövlət qurumlarından deyil, bizdən də asılıdır. Hər birimiz “Mənim bir avtomobilim nə dəyişəcək ki?” deyə düşünsək, heç nə dəyişməyəcək. Amma minlərlə insan eyni addımı atsa, şəhərin nəfəsi belə dəyişə bilər. Daha az avtomobil, daha az səs-küy, daha az stress və daha çox hərəkət azadlığı…
Məncə, gələcəyin Bakısı yalnız avtomobillərin şəhəri olmamalıdır. İnsanların rahat gəzdiyi, velosiped sürdüyü, skuterdən istifadə etdiyi, metro və avtobuslarla rahat hərəkət etdiyi bir Bakı təsəvvür etmək istəyirəm. Tıxac problemini bir gündə həll etmək mümkün deyil. Amma dəyişiklik bir insanın qərarından başlaya bilər. Bəlkə də növbəti dəfə tıxacda saatlarla gözləmək əvəzinə velosipedə, skuterdə və ya metroya üstünlük vermək həmin kiçik dəyişikliklərdən biri olacaq.
Elmar











