Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukraynada hərbi əməliyyatların dondurulmasının və sülh danışıqlarına başlanmasının zəruri olduğunu bildirib.
Gununsesi.info xəbər verir ki, Tokayev bunu Almaniya kansleri Fridrix Merts ilə birgə keçirdiyi mətbuat konfransında deyib. O, bu məsələdə şəxsi mövqeyini Rusiya Prezidenti Vladimir Putinlə də bölüşdüyünü qeyd edib.
“Mən Prezident Vladimir Putinə bu məsələ ilə bağlı şəxsi mövqeyimi böyük anlayışla qəbul etdiyinə görə təşəkkür edirəm. Çünki hamımız – dövlət başçıları – Ukrayna ərazisində hərbi əməliyyatların dayandırılmasının tərəfdarıyıq”, – deyə Tokayev bildirib.
Qazaxıstan Prezidenti əlavə edib ki, Ukrayna xalqına, onun tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və dilinə böyük hörmətlə yanaşır.
Bununla yanaşı, Tokayev hazırkı şəraitdə müharibənin dərhal başa çatdırılmasının real olmadığını düşündüyünü deyib.
Qazaxıstan lideri daha əvvəl də Putinlə görüşündə Ukraynada hərbi əməliyyatların dayandırılmasını təklif etmişdi.
“Bəlkə də bu münaqişəni artıq dondurmaq və “İstanbul formulu”na qayıtmaq lazımdır. Çünki orada əhəmiyyətli nəticələr əldə edilmişdi. Təbii ki, böyük dövlətlərin zəmanəti ilə”, – deyə Tokayev iyulun sonunda Omskda keçirilən görüş zamanı bildirmişdi.
O, həmin vaxt Avropa və ABŞ-dan Ukraynadakı müharibə ilə bağlı çoxlu siqnallar aldığını da qeyd etmişdi.
Bununla belə, Tokayev münaqişənin nizamlanmasında vasitəçi rolunu oynamaqdan imtina edib.
Qeyd edək ki, Tokayevin son açıqlamasına görə, onun mövqeyi Ukraynada hərbi əməliyyatların dərhal dayandırılması deyil, döyüşlərin dondurularaq diplomatik danışıqlara yol açılmasıdır.










