28 nəfəri xilas edən azərbaycanlı qəhrəman niyə unudulur?

Sosial şəbəkələrdə 1989-cu ildə Gürcüstanda baş verən faciə zamanı 28 nəfərin həyatını xilas edərək həlak olan 19 yaşlı azərbaycanlı əsgər Rahib Məmmədov haqqında marağa səbəb olan fikirlər səsləndirilir. İctimai xadimlər arasında onun xatirəsinin yaşadılması məsələsi müzakirə olunur. 

Onların fikrincə, Rahib Məmmədovun adı və qəhrəmanlığı daha çox anılmalı, onun həyat yolu müxtəlif tədbirlərdə, təşkil olunmuş mərasimlərdə gələcək nəsillərə tanıdılmalıdır:

“Gürcüstan mətbuatı Rahib Məmmədovdan yazdı. Yenə də gürcülər arada xatırlayır, sağ olsunlar! Armudlu yaylasında neçə il “Elat günləri” keçirildi. “Dədə Camal” məclisləri quruldu, at çapıldı, çaxır içildi, kabab yeyildi, hər halt yeyildi, amma bir dəfə də olsun əsl fədakarlıq nümunəsi göstərmiş, insanlığa xidmət etmiş Rahibin adı çəkilmədi”,-deyə vurğulanır.

Xatırladaq ki, Rahib Məmmədov sovet ordusunda xidmət edən azərbaycanlı əsgər olub. O, Gürcüstanda xidmət etdiyi zaman 28 nəfərin həyatını xilas edərək öz canından keçib. Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “Qızıl Ulduz” ordeni ilə təltif edilib.

Rahib Məmmədovun qəhrəmanlığı təkcə Azərbaycan üçün deyil, Gürcüstan xalqı üçün də böyük əhəmiyyət daşıyır. O, iki xalqın ortaq qəhrəmanıdır. Çünki bir insanın həyatını xilas etmək üçün deyil, 28 nəfərin yaşaması naminə öz həyatını qurban verib. Bu, Azərbaycan insanının fədakarlığını və qəhrəmanlığını göstərən nümunələrdən biridir.

Yaxşı olar ki, Gürcü xalqı da azərbaycanlı gənc Rahib Məmmədovun xatirəsini yaşatsın, onun qəhrəmanlığını gələcək nəsillərə tanıtsın. Bu tarixi hadisə iki xalq arasında dostluq və qardaşlıq bağlarının daha da möhkəmlənməsinə töhfə verə bilər.

Xüsusilə Gürcüstanda yaşayan təxminən 500 min azərbaycanlı soydaşımızın bu məsələyə diqqət yetirməsi vacibdir. Onlar Gürcüstan cəmiyyətinin böyük bir hissəsidir. Rahib Məmmədovun adının yaşadılması həm də iki xalqın ortaq tarixinin və dostluğunun təbliği baxımından əhəmiyyətlidir.

Məsələ ilə bağlı Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə əlaqə saxladıq. Ondan Rahib Məmmədovun adının müxtəlif məclislərdə, xüsusilə də Dədə Camalın məclislərində nə üçün bir dəfə də olsun çəkilmədiyini soruşduq. O, səsləndirilən fikirlərin doğru olmadığını bildirdi.

Müsahibimiz bir neçə dəfə sualımızı birbaşa cavablandırmaq əvəzinə söhbəti başqa istiqamətə yönəltdi. Yeni layihələr həyata keçirdiklərini və müxtəlif işlərlə məşğul olduqlarını qeyd etdi. Hətta bu mövzunun medianın diqqət yetirməli olduğu məsələlərdən olmadığını da bildirdi.

Maraqlıdır, medianın gündəmə gətirəcəyi mövzulara sərhəd qoyulmalıdırmı?

Hesab edirəm ki, yox. Medianın vəzifəsi cəmiyyət üçün əhəmiyyətli olan məsələləri işıqlandırmaq, diqqətdən kənarda qalan mövzuları gündəmə gətirməkdir.

Xalqımızın qəhrəmanlarının xatirəsinin yaşadılması da medianın diqqət yetirməli olduğu məsələlərdəndir.

Rahib Məmmədov kimi insanların qəhrəmanlığı unudulmamalı, onların fədakarlığı gələcək nəsillərə örnək olmalıdır.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info