Yazıçı Aqşin Yenisey rasional Qərbin İran və Rusiya kimi siyasi-ideoloji magiya ilə idarə olunan ölkələri anlamaqda çətinlik çəkdiyini bildirib.
Gununsesi.info xəbər verir ki, Aqşin Yeniseyin fikrincə, rasional praqmatizm Qərbdə hər şeyi ölçülə bilən və proqnozlaşdırıla bilən hala gətirib. Bu isə İran və Rusiya kimi ölkələrə Qərbin siyasi davranışlarını daha asan oxumaq imkanı verir.
Müəllif hesab edir ki, Qərb isə əksinə, bu ölkələrin siyasi qərarlarını və davranışlarını anlamaqda çətinlik çəkir. Çünki həmin ölkələrdə rasional izahı mümkün olan proseslər siyasi-ideoloji magiya ilə ört-basdır edilir.
Yenisey İran rəsmisinin İsrailin uğurlu zərbələrini cinlərin fəaliyyəti ilə əlaqələndirməsini nümunə göstərərək yazır ki, belə yanaşmalar rasional düşüncə ilə izah edilə bilməz.
Müəllif Rusiyanın Avropa, İran və bütövlükdə Yaxın Şərqin isə ABŞ üçün “Qordi düyünü”nə çevrildiyini vurğulayır.
Onun qənaətinə görə, bu düyünü açmağa çalışdıqca vəziyyət daha da mürəkkəbləşir. Rusiya-Ukrayna danışıqlarında Finlandiya məsələsinin gündəmə gətirilməsini də buna nümunə kimi qeyd edir.
Aqşin Yenisey yazısını belə bir sualla yekunlaşdırır: “Nə etməli?”
Müəllifin fikrincə, bu sualın cavabı Azərbaycan üçün ölkənin daxili vəziyyətindən daha çox xarici siyasət və beynəlxalq proseslərlə bağlıdır.
Elmar











