ŞKTC-nin 43-cü ildönümü Bakıda qeyd olunub - FOTO

  • Müəllif: Firuzə
  • 19 Noyabr 2026 09:49

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurulmasının 43-cü ildönümü münasibətilə rəsmi tədbir keçirilib.

Gununesi.info-nun xəbərinə görə, tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, dövlət və ictimaiyyət nümayəndələri, eləcə də diplomatik korpusun təmsilçiləri iştirak ediblər.

Tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner çıxış edərək qonaqları salamlayıb. O, çıxışında Kipr türk xalqının müstəqillik mübarizəsindən, Şimali Kipr Türk Cümhuriyyətinin yaranma tarixindən, Türkiyənin dəstəyindən, Azərbaycanla münasibətlərdən və Türk dünyasında əməkdaşlığın perspektivlərindən danışıb.

Ufuk Turqaner ilk olaraq Azərbaycan xalqını 17 Noyabr – Milli Dirçəliş Günü və 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

O bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətinin yaradılması Kipr türk xalqının azadlıq, varlığını qorumaq və öz gələcəyini müəyyən etmək uğrunda mübarizəsinin ən mühüm nəticəsidir:

“Şimali Kipr Türk Cümhuriyyətinin qurulmasının 43-cü ildönümünü hər il olduğu kimi, bu il də qardaş Azərbaycanda sizin kimi dəyərli qonaqlarımızla birlikdə qeyd etməyin qürurunu və sevincini yaşayırıq”.

Nümayəndəliyin rəhbəri çıxışında Azərbaycan xalqının Qarabağ Zəfərini də xüsusi vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşən Azərbaycan xalqını və qəhrəman Azərbaycan Ordusunu Zəfərin altıncı ildönümü münasibətilə təbrik edib.

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparan, Vətən torpağı uğrunda canını fəda edən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı diləyirəm”, – deyə Ufuk Turqaner bildirib.

Çıxışında Kipr məsələsinin tarixinə toxunan Ufuk Turqaner 1960-cı ildə yaradılmış Kipr Cümhuriyyətinin iki xalqın – Kipr türkləri və Kipr yunanlarının bərabər siyasi hüquqları və statusu əsasında qurulduğunu xatırladıb.

Onun sözlərinə görə, Kipr yunan tərəfi sonradan ortaq dövlətin strukturunu dəyişdirməyə, Kipr türklərini dövlət qurumlarından kənarlaşdırmağa və adanın Yunanıstanla birləşdirilməsi istiqamətində addımlar atmağa başlayıb.

Nümayəndəliyin rəhbəri bildirib ki, Kipr türk xalqı 1963-cü ildən etibarən 11 il ərzində təzyiqlərə və zorakılıqlara qarşı müqavimət göstərib.

O, 1974-cü il iyulun 15-də Yunanıstan və onun Kiprdəki tərəfdaşları tərəfindən həyata keçirilən çevrilişin adanın Yunanıstana birləşdirilməsini hədəflədiyini deyib.

Ufuk Turqaner Türkiyənin 1974-cü il iyulun 20-də həyata keçirdiyi hərbi əməliyyatı 1960-cı il müqavilələrindən irəli gələn qarantorluq hüququnun tətbiqi kimi təqdim edib:

“Bu hərbi əməliyyat Kipr türklərinin azadlığına və varlığına qəsd edən yunan hücumlarının qarşısını aldı, adanın Yunanıstana birləşdirilməsinə mane oldu, adadakı türk varlığının məhv edilməsinin qarşısını alaraq bütün adaya sülh gətirdi”.

O, 1983-cü il noyabrın 15-də qurucu prezident Rauf Raif Denktaşın rəhbərliyi ilə Şimali Kipr Türk Cümhuriyyətinin elan edilməsini Kipr türk xalqının tarixində mühüm dönüş nöqtəsi adlandırıb.

“Kipr türkü 1983-cü ildə qurduğu dövlətlə azlıq kimi yaşamağı qəbul etməyəcəyini, suverenliyindən və müstəqilliyindən heç vaxt imtina etməyəcəyini dünyaya elan etdi”, – deyə Ufuk Turqaner vurğulayıb.

Azərbaycan Parlamenti adından çıxış edən Cavanşir Feyziyev isə bildirib ki, Şimali Kipr Türk Respublikası türk dünyası tarixində milli iradənin və müstəqillik uğrunda siyasi mübarizənin ən parlaq nümunələrindən biridir:”On illər ərzində öz haqlarını qətiyyətlə müdafiə edən Kipr türk xalqı 43 il öncə 15 noyabr tarixində Şimali Kipr Türk Respublikasının müstəqilliyini bəyan etmiş və həmin tarixi gündən etibarən adada sülh və sabitlik bərqərar olunmuşdur.
Müstəqilliyin elan olunduğu gündən keçən 43 il ərzində Kıbrıs türkləri Qərb dövlətlərinin ikili standartlarına söykənən ayrı-seçkilik siyasəti ilə üzləşməkdə davam edirlər. Lakin onillər ərzində yürüdülən siyasi və iqtisadi təcrid siyasəti Kİpr türk xalqının siyasi iradəsini və müstəqillik ideallarını sarsıda bilməmişdir. Bu gün qardaş Türkiyə Respublikasının qətiyyətli və davamlı dəstəyi ilə inkişaf edən Kuzey Kıbrıs Türk Cumhuriyyəti öz vətəndaşları üçün təhlükəsiz və layiqli həyat şəraitini təmin etməklə adada sabitliyə töhfə vermək bacarığını bütün dünyaya nümayiş etdirməkdədir.
Zəngin tarixi irsi və mədəni müxtəlifliyi ilə seçilən Şimali Kipr Türk Respublikası bu gün Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumlarda təmsil olunur. Şimali Kipr Türk Respublikasının 2022-ci ildə Səmərqənd Zirvə görüşündə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilməsi, sonrakı illərdə Şuşa və Qəbələ Zirvə görüşlərində təmsil olunması, türk dünyası çərçivəsində baş tutan bütün nüfuzlu beynəlxalq tədbirlərdə Şimali Kipr Türk Respublikasının bayrağının dalğalandırılması türk birliyi və həmrəyliyinin parlaq təzahürüdür”.
Cavanşir Feyziyev deyib ki, bu ilin aprel ayında Antaliya Diplomatik Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Kuzey Kıbrıs Türk Cumhuriyyətinin yeni seçilmiş prezidenti Tufan Erhürmen arasında görüş baş tutmuşdur. Son bir ildə Şimali Kipr Türk Respublikası ölkəmizdə keçirilən bir sıra tədbirlərdə də ən yüksək səviyyədə təmsil olunmuşdur. Baş nazir cənab Ünal Üstel və Xarici işlər naziri cənab Təhsin Ertuğruloğlu ölkəmizdə təşkil olunmuş Şimali Kipr Mədəniyyət günlərinin açılışında iştirak etmişlər. Şimali Kipr Türk Cumhuriyyətinin Əmək və Sosial müdafiə naziri Oğuzxan Hasipoğlu, Təhsil naziri Nazim Çavuşoğlu, Səhiyyə naziri Hakan Dincyürek və digər rəsmi şəxslər Azərbaycana işgüzar səfərlər etmiş və müvafiq dövlət qurumları arasında birbaşa əməkdaşlıq haqqında müzakirələr aparılmışdır”.

Firuzə Mahmudova
Gununesi.info