Ailəyə bağlı olan adam sənətkar ola bilməz: - Orxan Saffari yazır...

“Ailə insanın yeganə düşmənidir ki, yıxılanda da səni qaldıran onlar olur”

Aydın məsələdir, bioloji instik olaraq hər kəs öz kökünə bağlıdır. Bu, həm də genetik koddur.

Fəqət bəzi məsələlər var, aydınlanma məqamında mahiyyəti itir, daha dəqiq, itməlidir.

Bəlkə də, hər kəs bu sözü ömründə bir dəfə də olsa, deyib:

“Mənim atam ən yaxşı idi”, “Mənim anam ən yaxşıdır”

Əvvəla, bu cür təfəkkür “Heç kim öz ayranına turş demir”-lə uzlaşır və şablon təfəkkürdür.

Təbii olaraq da hər kəs öz doğmasını daha yaxşı, daha müqəddəs görür. Lakin aydın insanın öyünməli olduğu nəsnələr arasında bu olmamalıdır.

Xüsusi ilə də bir uğurlu, mütəfəkkir adamın istinad nöqtəsi budursa, demək, bir qədər problem var.

Məsələn, əgər yazıçı, şair, müğənni, bir sözlə, istənilən sənət adamı uğur hekayəsində, özünü təqdimatda “Sənətə gəlməyimdə anamın rolu var”, “İlk dəstəkçim atamdır” “Ailəmə təşəkkür düşür” kimi bayağı ifadələrə yer verirsə, əlbəttə, səmimi deyil və yaradıcılıq olaraq da böyüklüyü yoxdur. Hətta belə olsa belə.

Əvvəla, valideyn övladı dünyaya gətiribsə, onu ən yaxşı şəkildə böyütmək də borcudur. Bunu valideyn belə nə zamansa, hansısa şərtlər altında minnətlə deməməlidir. Azərbaycanda mövcud olan klassik təfəkkür isə məhz belədir. Bu cür sözlər deyən adamlar, əlbəttə, yalan demir və doğrudan da yetişməkdə, formalaşmaqda ailə rol oynaya bilər, oynamalıdır.

Bəs bu təbii proses niyə əsas amil olmalıdır?

Niyə bu məsələlər pafoslu, xüsusi bir şey imiş kimi deyilməlidir?

Ailə deyilən məhfumun, onsuz da, əsas funksiyası övladı özü qərar verə bilmədiyi yaşlarda yönləndirməkdir. Qısası, həqiqi bir sənət adamı bioloji bir instikti, funksiyanı özünə əsas tutursa, bunu fəxarətlə deyirsə, heç bir yaradıcılıqdan danışmağa dəyməz.

Üstəlik, doğrudan da ciddi, böyük olmaq üçün əksər hallarda ailə bağlarından ən azı mənəvi olaraq qurtulmaq lazımdır. Çox kiçik istisnalar xaric, azərbaycanlı valideynin sənətə dəstək kimi bir böyük təfəkkürü yoxdur. Daha dəqiq, həmin sənət pul gətirmirsə yoxdur.

Xüsusi ilə azərbaycanlı valideynə bağlı olan adamlar, adətən, sənət tərəfdən də çərçivələnir. Sənət anlayışının, sənətkarın daxili azadlığı bəzən elə bir həddə olur, bunu valideyn də, cəmiyyət də yaxşı qarşılamaya, sənətin hüdudsuzluğu tərəfdən baxmaqdansa, başqa kodlarla baxa bilər.

Ona görə də, azad sənətin yolu mənəvi bağları kəsməkdən keçir həm də. Ailə sənət ruhuna düşüncə olaraq da narahatlıq verirsə, bəs nə etməli?! Seçim hansı olmalıdır?

Əlbəttə, bu da fərdi məsələdir və söz yox, etalon deyil, belə olmaya, əksi daha yaxşı ola bilər.

Lakin bu da bir yoldur.

Həm də uzun, ağrılı, keçilməli olan yol.

 

 

Orxan Saffari

 

 

 

 

Gununsesi.info