Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi “münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur” ifadəsi təsadüfi deyildi. Çünki son bir neçə ay ərzində Avropa İttifaqının ən yüksək səviyyəli rəsmilərinin ardıcıl şəkildə Bakıya səfərləri göstərir ki, Brüssel Azərbaycanla münasibətlərə əvvəlkindən daha fərqli prizmadan baxmağa başlayıb.
Müasir beynəlxalq münasibətlər sistemində enerji artıq təkcə iqtisadi resurs deyil, siyasi təsir vasitəsidir. Avropa Rusiyadan enerji asılılığını minimuma endirməyə çalışdığı bir vaxtda Azərbaycan etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirib.
Prezident İlham Əliyevin açıqladığı rəqəmlər bunu bir daha təsdiqləyir. Son dörd ildə Avropa İttifaqına Azərbaycan qazının ixracı təxminən 65 faiz artıb. Hazırda Avropa İttifaqının 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur və bu coğrafiyanın genişləndirilməsi planlaşdırılır.
Bu fakt Azərbaycanın enerji strategiyasının uğurunu nümayiş etdirir. Uzun illər ərzində həyata keçirilən düşünülmüş enerji siyasəti, milyardlarla dollar həcmində infrastruktur investisiyaları və Cənub Qaz Dəhlizinin reallaşdırılması bu gün öz bəhrəsini verir.
Əslində Avropa artıq Azərbaycanı alternativ yox, əsas enerji tərəfdaşlarından biri kimi qəbul edir.
Yaşıl enerji əməkdaşlığı yeni iqtisadi model formalaşdırır. Bəyanatda diqqət çəkən digər mühüm məqam bərpaolunan enerji sahəsində əməkdaşlığın sürətlə genişlənməsidir.
Azərbaycan yaxın 5-6 il ərzində 8 giqavat həcmində günəş və külək enerjisi istehsal etməyi planlaşdırır. Bu isə ölkənin təkcə neft və qaz ixracatçısı deyil, gələcəyin yaşıl enerji ixracatçısına çevrilməsi deməkdir.
Qlobal enerji keçidi fonunda bu istiqamət Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır.
Avropa üçün isə Xəzər regionu gələcəyin təmiz enerji mənbələrindən biri hesab olunur. Azərbaycan artıq nəqliyyat qovşağıdır. Məhz buna görə Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan məsələlərdən biri də beynəlxalq nəqliyyat dəhlizləri oldu.
Şərq-Qərb və Şimal-Cənub marşrutlarının mərkəzində yerləşən Azərbaycan son illər logistika infrastrukturuna milyardlarla manat investisiya yatırıb.
Hazırda dünyada geosiyasi böhranlar, dəniz marşrutlarında yaranan risklər və beynəlxalq ticarətin dəyişən xəritəsi fonunda Orta Dəhlizin əhəmiyyəti sürətlə artır.
Bu prosesdə Azərbaycanın rolu daha da güclənir.
Artıq Bakı yalnız enerji ixrac edən ölkə deyil, Avropa ilə Asiyanı birləşdirən əsas tranzit mərkəzlərindən birinə çevrilib.
Prezident İlham Əliyevin çıxışının mühüm hissəsi Ermənistanla münasibətlərin normallaşdırılmasına həsr olundu.
Azərbaycanın sülh sazişi istiqamətində atdığı addımlar, tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Ermənistana enerji məhsullarının ixracına başlanılması regionda tamamilə yeni reallığın formalaşdığını göstərir.
Bu addımlar həm də Azərbaycanın qalib dövlət kimi revanşizm yox, uzunmüddətli sabitlik strategiyasını seçdiyini nümayiş etdirir.
Avropa Komissiyasının bu prosesə dəstək verməsi isə Cənubi Qafqazda sülhün beynəlxalq legitimliyini daha da gücləndirə bilər.
Bir neçə il əvvəl Avropa Parlamentində Azərbaycana qarşı qəbul olunan sərt qətnamələr, insan hüquqları ilə bağlı tənqidlər və siyasi münasibətlərdə yaşanan soyuqluq fonunda bugünkü mənzərə tamamilə fərqlidir.
Bu dəyişiklik təsadüfi deyil.
Bunun bir neçə əsas səbəbi var:
Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması, qlobal nəqliyyat marşrutlarının dəyişməsi, Azərbaycanın iqtisadi dayanıqlığı, regionda yeni siyasi reallıqların yaranması, Ermənistan-Azərbaycan münasibətlərində sülh prosesinin irəliləməsi Brüsseli Bakı ilə daha sıx əməkdaşlığa sövq edir.
Bu, həm də o deməkdir ki, Azərbaycanın balanslaşdırılmış xarici siyasəti nəticə verir
Azərbaycan uzun illərdir çoxşaxəli xarici siyasət kursu həyata keçirir.
Ölkə həm Avropa İttifaqı, həm Türkiyə, həm Mərkəzi Asiya dövlətləri, həm də digər beynəlxalq tərəfdaşlarla paralel münasibətləri inkişaf etdirə bilir.
Bu balanslaşdırılmış siyasət Azərbaycanın geosiyasi manevr imkanlarını genişləndirir və onu regionun ən etibarlı tərəfdaşlarından birinə çevirir.
Azərbaycan–Avropa münasibətlərinin aktivləşməsi ölkəyə yeni investisiyalar, texnologiyalar, yaşıl enerji layihələri, rəqəmsal transformasiya və nəqliyyat-logistika sahəsində əlavə maliyyə imkanları gətirə bilər.
Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində Avropa şirkətlərinin iştirakı üçün də yeni imkanlar yaranır.
Qeyd etmək istərdim ki, bu əməkdaşlıq yalnız enerji ilə məhdudlaşmır.
Kənd təsərrüfatı, sənaye, rəqəmsal iqtisadiyyat, süni intellekt, nəqliyyat, təhsil və innovasiya sahələrində də yeni əməkdaşlıq platformaları formalaşa bilər.
Prezident İlham Əliyevlə Ursula fon der Lyayenin Bakı görüşü göstərdi ki, Azərbaycan artıq regionun deyil, Avrasiya məkanının əsas geosiyasi oyunçularından biridir. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, yaşıl enerji, iqtisadi əməkdaşlıq və sülh gündəliyi ölkəmizi Avropa üçün strateji tərəfdaşa çevirib.
Bu görüşün əsas mesajı ondan ibarətdir ki, beynəlxalq münasibətlərdə ideoloji yanaşmaların yerini getdikcə daha çox praqmatik maraqlar tutur. Azərbaycan isə müstəqil siyasəti, iqtisadi gücü və etibarlı tərəfdaş imici ilə bu yeni geosiyasi reallıqda öz mövqeyini daha da möhkəmləndirir. Qarşıdakı dövrdə Bakı ilə Brüssel arasında əməkdaşlığın daha da dərinləşməsi yalnız ikitərəfli münasibətlər üçün deyil, həm də Cənubi Qafqazın təhlükəsizliyi, Avropanın enerji təminatı və Avrasiya nəqliyyat sisteminin inkişafı baxımından həlledici əhəmiyyət daşıyacaq.
Milli Məclisin deputatı











