Türkiyə və Azərbaycanın prezidentləri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev – gələn ilin yazında keçiriləcək Avropa Siyasi Birliyi sammitinə dəvət olunublar.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, dəvətlər hələlik şifahi formada çatdırılıb.
Mirzoyan qeyd edib ki, iki qonşu dövlətin liderlərinin İrəvana səfərinin Ermənistan cəmiyyətində necə qarşılanacağı kifayət qədər mürəkkəb məsələdir. Buna baxmayaraq, o, yaxşı qonşuluq münasibətlərinin qurulması üçün addımlar atmağın vacibliyinə inanır.
Mövzu ilə Gununsesi.info -ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli qeyd edib ki, səsləndirilən şifahi dəvət və açıqlamalar, əslində, ictimai rəyin və reaksiyanın öyrənilməsi məqsədi daşıyır.

“Təbii ki, rəsmi məktub və ya müraciət olmadığı halda, bu məsələ ilə bağlı hər hansı rəsmi münasibətin formalaşması da gözlənilmir.
Hazırkı şəraitdə münasibətlərin dövlət başçılarının qarşılıqlı səfərləri üçün yetərli etimad səviyyəsinə çatdığını söyləmək çətindir. Mahiyyət etibarilə prosesin irəliyə doğru aparılması, qarşılıqlı münasibətlərin intensivləşdirilməsi istiqamətində konkret addımların atılması vacibdir”-deyə o əlavə edib.
Deputat qeyd edib ki, qeyri-hökumət təşkilatları, media sektoru və bəlkə də diplomatik nümayəndəliklər səviyyəsində müəyyən əlaqələrin bərpasına ehtiyac var:
“Bu prosesin davamlılığı və Ermənistan tərəfinin nümayiş etdirəcəyi mövqe təbii ki, Azərbaycanın məsələyə münasibətini də müəyyən edəcək.
Nəzərə almaq lazımdır ki, bundan əvvəl də beynəlxalq tədbirlər həm Azərbaycanda, həm də Ermənistanda keçirilib. Doğrudur, bu, yüksək səviyyədə – dövlət və hökumət başçıları səviyyəsində olmayıb, amma müxtəlif ölkələrin deputatları və rəsmi şəxsləri qarşılıqlı səfərlər həyata keçiriblər.
Lakin bu səviyyədə münasibətlərin bərpası üçün hələ ciddi addımlar atılmalıdır”.
Şəbnəm












