“Bakıda böyük şəhər bələdiyyəsi yaradılmalıdır” -DEPUTAT

“Bakıda böyük şəhər bələdiyyəsi yaradılmalıdır. Bu qədər böyük, dörd milyonluq şəhərdə yalnız icra hakimiyyətinin üzərinə yük düşməsi düzgün deyil”.

Gununsesi.info bildirir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib:

“Böyük şəhər bələdiyyəsi formalaşmalı, yaxşı büdcəyə malik olmalı və öz işini sərbəst şəkildə görə bilməlidir.

Belə olduqda bələdiyyə lazım gəldikdə sakinlərə müraciət edib, məsələn, müəyyən işlərin icrası üçün məhəllələrdən müvəqqəti köçürülməni təşkil edə bilər ki, asfaltlama və ya digər abadlıq işləri rahat şəkildə aparılsın”.

O əlavə edib ki, idarəetmədə daha çevik model tapılmalıdır.

“Azərbaycan kimi ölkədə bu sahədə müxtəlif yanaşmalar sınaqdan keçirilir. Hazırda icra nümayəndələri fəaliyyət göstərir, eyni zamanda xüsusi nümayəndələr də təyin olunur. Bu modelin gələcəkdə necə formalaşacağı hələlik təcrübə mərhələsindədir: ya mövcud icra nümayəndəlikləri qalacaq, ya da prezidentin xüsusi nümayəndəlik sisteminə keçid olacaq.

Eyni zamanda regionların idarə olunmasında dəyişikliklərə ehtiyac var. Rayonların daha çevik idarə olunması üçün birləşdirilməsi məsələsi də gündəmdədir. Vergi, gömrük, maliyyə, təhsil və nəqliyyat sahələrində də regional idarələrin yaradılması mümkündür. Belə bir sistemdə bir regional idarə bir neçə rayona xidmət göstərə bilər.

Bu halda idarəetmə mərkəzləşdirilmiş şəkildə optimallaşar, məmur sayı azalar və proseslər daha çevik olar. İdarəetmənin bir hissəsi isə vətəndaş təşəbbüsünü daha çox əks etdirən bələdiyyələrə verilə bilər”,-deyə o əlavə edib.

 

 

Şəbnəm

Gununsesi.info