Bizim tərbiyə ilə bağlı yekdil fikrimiz yoxdur -RƏYLƏR

  • By admin
  • 18 İyun 2022 13:49

Son zamanlar məktəblərdə ard-arda baş verən qalmaqallar gündəmə bomba kimi  düşüb. Müəllimi söyən kim, sinifi dağıdan kim, narkomaniyaya qoşulan kim və s. Bu siyahını kifayət qədər uzatmaq olar. Deyir bir cəmiyyəti məhv etmək istəyirsənsə, birinci təhsildən başla. Təhsil cəmiyyətin sağlam formalaşması üçün bel sütunu, təməl rolunu oynayır. Bir müddətdir bizə sırıdıqları və “Avropa standartlarında təhsil” dedikləri sistem budursa, oturub düşünməliyik: bu standartlar bizə lazımdırmı?! Uşaqlar bizim gələcəyimizdir. Belə olan təqdirdə gələcəyimiz, əsrlərlə bizi biz edən dəyərlərimiz aradan çıxır, yadlaşır. Bəs, problemin kökündə nə dayanır? Bu vacib məsələ necə həll edilməlidir? Məsələni araşdırmağa çalışdıq. 

Azərbaycanlı professor, Əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sabiq sədri Şahlar Əsgərov publika.az -a açıqlamasında bildirib ki, dövlət Təhsil Nazirliyi deyilən bir qurum yaradıb və həmin qurumun qarşısında duran əsas vəzifə də məhz bu problemləri həll etməkdir: “Lakin təəssüf ki, bu problemlər yaşanır. Azərbaycanda təlim-tərbiyə məsələlərinin nəzəri kökü yoxdur. Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri olduğum zaman gündəliyə “Tərbiyə manifesti” adlı müzakirə saldım ki, valideyn, müəllim, şagird tərbiyə dedikdə nəyi başa düşməlidir. Biz tərbiyə dedikdə, bunu valideyn bir cür, müəllim başqa cür anlayır. Bizim tərbiyə ilə bağlı yekdil fikrimiz yoxdur. Dəfələrlə demişəm, bu, Təhsil Nazirliyi üçün böyük qəbahətdir. Məsələn,Yaponiyada “Tərbiyə manifesti” var və təxminən 20 maddədən ibarətdir. Maddələrdən bir neçəsini sadalamaq istərdim: “Əsla yalan danışma”, “Başqasının malını oğurlama”, “Böyüklər danışanda dinlə”, “Müəlliminə hörmət et”, “Valideyninə hörmət et” və s. Bizdə isə bu tərbiyə müddəaları yoxdur”. 

Ş.Əsgərov vurğulayıb ki, Təhsil Nazirliyi bir sıra layihələrə böyük məbləğdə qrantlar ayırır: “Amma həmin qrant bu cür layihələrə ayrılmalıdır. Son illər məktəblərdə baş verənlər barədə cəmiyyət düşünməlidir. Son zəng günü şagirdlərin bir-birlərinin köynəklərinə oğru dünyasına aid simvolları çəkdiyi müşahidə edilib. Bir sıra ölkələrdə oğruların məzarları üzərində böyük abidələr ucaldılır. Onların bəziləri Vətən müharibəsi qəhrəmanlarının qəbrləri üzərində ucaldılan abidələrdən dəfələrlə böyükdür. Bu cür şeylərə niyə icazə verilir?! Ən bahalı maşınları oğrular sürür, ən lüks villalarda oğrular yaşayır. Bunu görən 16-17 yaşlı uşaq nə fikirləşməlidir?! Bütün bu proseslər nizama salınmalıdır. Uşaqlara tərbiyə verərkən ən incə detalına qədər hər şey düşünülməlidir. Çünki sağlam cəmiyyətin qurulması üçün fundamental nəzəriyyə uşaqların düzgün tərbiyə edilməsindən başlayır”.

Sosioloq Elçin Bayramlı isə qeyd edib ki, son illərdə biz məktəblərdə şagirdlərin davranışı, psixologiyası ilə bağlı çox ciddi problemlərlə qarşılaşırıq: “Müəllimlərlə söhbət, kənardan müşahidələr zamanı vəziyyətin görünəndən daha ciddi olduğunu görürük. Məktəb həmişə təlim və tədris mərkəzi olub. Son illər isə təlim-tərbiyə funksiyası müəllimlərin əlindən alınıb. Bu, guya Avropa meyarlarıdır və müəllim şagirdə irad tuta bilməz. Bundan da şagirdlər sui-istifadə edərək hər cür tərbiyəsizliyə yol verirlər. Məsələnin digər tərəfi də valideynlərlə bağlıdır. Məktəbdə öz “bacarığını” nümayiş etdirən şagird əslində özünün yox, valideynlərinin tərbiyəsini göstərmiş olur. Görünür, valideynlər də müasirlik adı altında gedən prosesə mütəşəkkil şəkildə qoşulublar. Beləliklə, psixologiyası tam formalaşmamış, pisi yaxşıdan ayırd etməyi bacarmayan şagirdlər hər cür pis yola meyllənirlər. Demək olar ki, uşaqlar üzərində nəzarət mexanizmi tamamilə sıradan çıxıb. 7-8 yaşlı uşağın smartfon telefonlarla azad internetə çıxışı təmin olunub və onun internetdə nəyə baxdığından valideynin xəbəri də yoxdur. Psixotron terror isə həmişə internet üzərindən yayılır. Beləliklə, uşaqlarda kriminal aləmə, narkomaniya və digər pis vərdişlərə maraq yaranır. Bütün bunlara da nə məktəb, nə də müəllim nəzarət edir. Hesab edirəm ki, hazırda uşaqlarımızın 99 faizi üzərində daimi nəzarət təmin olunmur. Bütün bu neqativ halların nəticələrini təkcə məktəbdə yox, məktəbdən kənarda da görürük. Məktəblilərin bir-birini bıçaqlaması, zorlama hadisələri, müəllimi təhqir, kriminal hadisələrdə iştirakları kimi tendensiyalar artan xətlə davam edir. Bunun qarşısının alınması üçün isə heç bir tədbir görülmür”. E.Bayramlı vurğulayıb ki, təhsilin üzərində əcayib eksperimentlər apararaq sahəni pis vəziyyətə salıblar: “Halbuki, bizim ənənəvi təhsil-tərbiyə sistemi daha yaxşı idi. Müəllimlərə səlahiyyətlər verilməli, eyni zamanda valideynlər də uşaqlarının üzərində nəzarəti artırmalıdırlar. Son zamanlar narkomaniyaya qurşanan uşaqların sayı artıb ki, bu da deyilən halların nəticəsidir. Məktəbin və valideynin uşağa yanaşma tərzi biabırçı vəziyyətdə olduğundan şagirdlər arasında neqativ halların artımı da müşahidə olunur. Əgər qısa zamanda tədbir görülməsə, bu kimi mənfi hallar kütləviləşəcək”.

Gununsesi.info